“Sabah” klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.
Bu barədə Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib.
30 yaşlı oyunçunun sözlərinə görə, yoluxma Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında müşahidə olunub.
“Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım isə Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir”.
Qeyd edək ki, “Sabah”a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Azərbaycanda “Sumqayıt”, “İnter”, “Qəbələ” və “Neftçi”nin formasını geyinib. O, milli komandaya 2015-2018-ci illərdə dəvət alıb.