“Həkimlərimizin xaricə getməsi əhalidə ölkədəki səhiyyə sisteminə ümumi inamsızlıq yaradıb”. Bunu Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov “İctimai TV” telekanalında yayımlanan “Diqqət mərkəzində” verilişində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində yaranmış iqtisadi böhran ölkənin digər sahələri ilə yanaşı səhiyyə sisteminə də təsirsiz keçməyib: “Təmirsiz xəstəxana və poliklinikalar, antisanitariya şəraiti, ciddi dərman qıtlığı, yaxşı həkimlərin xaricə üz tutub getməsi əhalidə səhiyyə sisteminə ümumi inamsızlıq yaratdı. Əhali müayinə və müalicə üçün daha çox Rusiya, Türkiyə, İran və Almaniyaya üz tutdu. İllər keçdikcə bu, gəlirli biznesə çevrildi və tibbi turizmin reklamı oldu”.
N.Zeynalov onu da qeyd edib ki, bu gün Azərbaycan səhiyyə sistemi çox fərqli mərhələdədir: “Dövlətimiz səhiyyə sisteminin bərpası və inkişafı üçün mühüm işlər gördü. Son illər ərzində 750-dən çox tibb müəssisəsi əsaslı təmir olunub və ya yenidən tikilib. Mərkəzlər müasir avadanlıq və dərmanla təchiz olunub. Kadr hazırlanması sahəsində vacib islahatlar aparılıb. Ümumiyyətlə, milli səhiyyəyə inamın qaytarılması üçün mühüm işlər görülüb və istiqamətdə tədbirlər davam etdirilir”.