Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin büstü hazırlanıb.
Modern.az-ın məlumatına görə, büstü gənc heykəltəraş Leyla Məmmədova ərsəyə gətirib.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçib.
M.Mirzəyev 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.