Milli Məclisdə üç nəfər qazi işlə təmin olunub – FOTO

0
199

Noyabrın 4-də Zəfər Gününün ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə parlamentdə dövlət qulluğuna qəbul edilmiş bir qrup əməkdaşın andiçmə mərasimi keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Milli Məclisin sədri bildirib ki, Prezident İlham Əliyevin kadr siyasətinə uyğun olaraq ölkədə peşəkar və bacarıqlı insanlara, xüsusilə də gənclərə lazımi şərait yaradılır. Digər dövlət qurumlarında olduğu kimi, Milli Məclisdə də işgüzar gənclər dövlət qulluğuna qəbul olunur. Fərəhli haldır ki, bu gün parlamentdə dövlət qulluğuna qəbul olunanların arasında 44 günlük Vətən müharibəsində şücaət göstərdiklərinə görə orden və medallarla təltif olunmuş 3 qazi vardır. İnanırıq ki, dövlət qulluğunda da onlar göstərilən etimadı doğruldacaq, dövlətə və Vətənə sədaqətlə qulluq edəcəklər.

Sonra dövlət qulluğuna qəbulla bağlı andiçmə mərasimi keçirilib. Qazilər – Nicat İlqar oğlu Abdurrahmanov, İzzət Zakir oğlu Balacayev və Bəşir Nəbi oğlu Hüseynzadə and içiblər. Milli Məclisin sədri Sahibə Qafarova onlara xidməti vəsiqələrini təqdim edərək dövlət qulluğunda gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Andiçmə mərasimindən sonra tədbir iştirakçıları Milli Məclisin İnzibati binasının foyesində xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gələrək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, abidənin önünə tər çiçəklər düzüblər.

Sonra parlamentin foyesində yaradılmış “Zəfər Guşəsi”nin açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova qırmızı lenti kəsərək “Zəfər Guşəsi”nin açılışını edib.

“Zəfər Guşəsi”nin yuxarı hissəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi öz əksini tapıb. Mərkəzdə Vətən müharibəsində qazanılmış Zəfər münasibəti ilə Milli Məclisdə təsis olunmuş orden və medallar sərgilənib. Guşənin hər iki tərəfində müharibədə şəhid olmuş Vətən övladlarının adları həkk olunub, işğal dövründə dağıdılmış binalar, azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq və bərpa işləri fotoşəkillərdə öz əksini tapıb.

Tədbir iştirakçıları burada guşənin önünə tər çiçəklər düzərək Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad ediblər.