Milli Məclisdə sənədsiz evlərlə bağlı problem qaldırıldı

0
217

“Azərbaycanda, xüsusilə, paytaxt Bakıda sənədsiz evlərin sayı həddən artıq çoxdur. Bu problem Prezident İlham Əliyevin diqqət mərkəzindədir”.

Bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov deyib. 

Deputat bildirib ki, 2015-2019-cu illərdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb. 

“Həmin dəyişiklərin icrası nəticəsində təxminən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Bu fəaliyyət davam etdirilməlidir. Hələ də sənədsiz evlər çoxdur. İqtisadiyyat Nazirliyi tərəfindən ölkə üzrə inventarlaşdırılma prosesinə başlanılıb. Təəssüflər ki, bu proses 2019-cu ilə qədər davam edib. Pandemiya səbəbindən müəyyən ləngimələr olub”, – deyə o əlavə edib. 

Deputat sənədsiz evlərlə əlaqədar problemin həlli üçün prosesin davam etdiriləcəyinə ümidvar olduğunu deyib. 

“Sənədsiz evlərin sənədləşdirilməsi bir çox problemlərin həllinə kömək edə bilər. Bu, daşınmaz əmlak bazarını canlandırar”, – deyə Kamran Bayramov fikrini yekunlaşdırıb.