Millət vəkilindən təhsil nazirinə çağırış: “Əgər bu, Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə…”

0
691
“Bu məsələdə Təhsil Nazirliyi tərəfindən cəsarətli addım atılması övladlarımızın aydın gələcəyi baxımından faydalı olardı”

Yapon təhsilinin əsas hədəfi dövlət üçün sədaqətli və faydalı vətəndaş yetişdirməkdir. Məhz bu hədəfin önə çəkildiyi bu ölkədə elm və texnologiyanın yüksək səviyyədə inkişafı da mübahisə doğurmayan məsələdir. Bizim elmdə və təhsildə yapon olmaq kimi bir hədəf götürməmiz təbii ki, gülməli görünə bilər. Ancaq necə etməliyik ki, heç olmazsa bölgədəki rəqiblərimiz olan gürcülərdən və düşmənimiz olan ermənilərdən bu sahədə geri qalmayaq? Qanunlarımızda təhsillə bağlı gəlişigözəl çox şey yazıla bilər, ancaq ən acınacaqlı durum reallıqda qarşılaşdığımız ideyasız, hədəfsiz təhsil anlayışıdır. Bu, cəmiyyət üzvlərimizi ciddi şəkildə rahatsız etməlidir, biz bu səhədə bütün böşluqları doldurmaq üçün vaxtında təşəbbüskarlığı artıraraq mümkün faydalı variantları tapmalıyıq.

Bildiyimiz kimi, Azərbaycanda Çağ Öyrətimə aid məktəblər Türkiyədən gələn tələblər üzündən bir neçə il öncə bağlandı. Bunlar yenicə yaradılmış Türkiyə Maarif Vaqfına verilsə də, əslində həmin qurum tərəfindən bu məktəb şəbəkəsini uğurla davam etdirilməsi mümkün olmadı. İndi həmin məktəblərin binaları bomboş qalıb və çox güman ki, lazımlı- lazımsız məqsədlər üçün hansısa qurumların istifadəsinə veriləcək. Fikrimcə, Təhsil Nazirliyimiz bu məktəbləri həm Bakıda, həm də bölgələrdə Türkiyə Dəyanət Vəqfinin sərəncamına verilməsinə çalışmalı, burada onların təhsil sistemi üzrə məktəb şəbəkəsi bərpa olunmalıdır. Bu gün Azərbaycanda pulsuz təhsilin verildiyi ən səviyyəli məkanlardan biri heç şübhəsiz ki, Bakı Türk Litseyidir və bu uğurlu təhsil alternativinin Azərbaycanda genişlənməsinin ciddi faydası ola bilər. Diqqət yetirilsə görünər ki, təkcə bu il 6-cı sinifə qəbul üçün bu litseyə nəzərdə tutulan 100 yerə 2000 şagird müsabiqə üçün müraciət etmiş və bunların da böyük əksəriyyəti yetərincə hazırlıqlı uşaqlardır. Demək ki, insanlar keyfiyyətli təhsil məkanı olaraq buranı seçməyi düşünürlər. Bu məktəb şəbəkəsinin bir neçə sayda Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, Qubada yaradılması insanlarımız üçün faydalı təhsil alternativi olmazdımı? Bildiyimiz kimi, Çağ Öyrətimdə təhsil məbləği özəl məktəblərə uyğun olaraq qismən yüksək idi, ancaq Türkiyə Dəyanət Vəqfi bu təhsili pulsuz verirsə, daha imkansız ailələrin savadlı uşaqlarının bu imkandan yararlanması şansını nədən vətəndaşlarımıza verməyik? Türkiyə Dəyanət Vəqfi birbaşa Türkiyə dövlətinin tabeliyində olan bir qurumdur, Türkiyə də qardaş dövlətimizdir, Azərbaycan övladlarına təmənnasız ödənişsiz təhsil vermək istəyirlər və bu təhsilin səviyyəsi də yüksəkdirsə, niyə bundan imtina etməliyik? Etiraf edək ki, hələ də bir neçə il öncə bağladığımız Qafqaz Universitetinin infrstrukturuna və yüksək təhsil səviyyəsinə yetişəcək universitet formalaşdıra bilmədiksə, təhsildə boşluqlar yaranmasına səbəb olan eksperimentləri davam etdirməmizin bir anlamı qalırmı? Bu boş qalan məktəb binalarını təhsilimiz üçün istifadə etməmizdən yaxşı hansı seçim ola bilər? Bu gün rus dilində təhsilə yönəlmədə olan bir neçə dəfə artımın məhz Türk məktəblərinin bağlanmasından qaynaqlandığı kimsəyə sirr deyil ki? Azərbaycanda Türk məktəb şəbəkəsinə həm də bir taleyüklü strateji məsələ kimi baxmalıyıq, öz məktəb sistemimiz arzulanan təhsil keyfiyyətinə tam cavab verə bilmirsə, özümüzə milli-mənəvi aspektdən yaxın olan bir sistemin genişlənməsinə şərait yaratmanın nəyi pisdir? Bu həm də dövlətimizə daha sadiq və faydalı insan yetişdirən bir məktəb sistemidirsə, ən yaxın müttəfiqimiz, qardaşımız Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə, bizə digər alternativlərdən daha uyğunu deyilmi? Fikrimcə, yeni tədris ilinin başlanmasına qədər bu məsələdə Təhsil nazirliyi tərəfindən cəsarətli addım atılması övladlarımızın aydın gələcəyi baxımından faydalı olardı.