“Milan” səfərdə “Roma” üzərində qələbə qazandı

0
370

Fevralın 28-də futbol üzrə İtaliya A Seriyasının 24-cü turunun mərkəzi qarşılaşması keçirilib.

Turun maraq doğuran görüşü “Olimpiko” stadionunda baş tutub. “Roma” klubu doğma azarkeşlər önündə “Milan” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk dəqiqələrdən hücuma atılan “Milan” rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb. Matçın 43-cü dəqiqəsində “Milan” klubu istədiyinə çatıb. Hakimin təyin etdiyi penaltini Frank Kessi dəqiq yerinə yetirib.

Fasilədən sonra meydan sahibləri hesaba tarazlıq gətiriblər. Oyunun 50-ci dəqiqəsində Jordan Veretu uzaq məsafədən baxımlı qola imza atıb. Qoldan səkkiz dəqiqə sonra milanlılar yenidən rəqibin qapısına yol taparaq hesabda önə keçib. Aleksis Salemakersin ötürməsindən sonra Ante Rebiç rəqibi bağışlamayıb. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişməyib.

Qeyd edək ki, ikinci hissədə “Milan” klubunun əsas üç futbolçusu – Hakan Çalxanoğlu, Zlatan İbrahimoviç və Ante Rebiç zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Bu nəticədən sonra xal ehtiyatını 52-ə çatdıran “Milan” turnir cədvəlində ikinci yerdəki yerini qoruyub saxlayıb. “Roma” isə 44 xalla beşinci yerdə qərarlaşıb.

Növbəti turda Milan təmsilçisi öz meydanında “Udineze”ni qəbul edəcək. “Roma” isə səfərdə “Fiorentina”nın qonağı olacaq.