Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır.
Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq agentlikdən bildirilib.
Qeyd olunub ki, yeni yaşayış kompleksi Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində, 5,83 ha torpaq sahəsində inşa ediləcək.
Agentlik artıq yeni yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması ilə bağlı hazırlıqlara başlayıb.
Eyni zamanda, Abşeron rayonunun Saray qəsəbəsində də 4,5 ha torpaq sahəsində yeni sosial mənzillərin tikintisi nəzərdə tutulub. MİDA bu yeni yaşayış kompleksinin inşası ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə start verib.
Xatırladaq ki, MİDA-nın bundan əvvəl ölkə üzrə tamamlanan layihələrindən ikisi Hövsanda yerləşir. Hazırda inşası nəzərdə tutulan layihə Hövsanda üçüncü yaşayış kompleksi olacaq.