Meyvə-tərəvəzlərin rəngləri hansı vitaminlərdən xəbər verir?

0
332

Rusiyalı həkim Alena Qluşakova meyvə və tərəvəzlərin rəngi ilə onların tərkibində orqanizm üçün faydalı olan bu və ya digər vitaminlər arasındakı əlaqədən danışıb.

“Məsələn, qırmızı rəng antioksidant rolunu oynayan likopenə işarədir deməkdir ki, bu maddə orqanizmdə iltihabın qarşısını almağa kömək edir. Likopen adətən qarpızda, pomidorda, zoğalda, qırmızı qreypfrutda, çuğundurda, turpda olur.

Narıncı rəng yüksək miqdarda A və C vitaminlərindən xəbər verir. Yerkökü, portağal, manqo, şirin kartof, bibər və ərik onlarla zəngindir.

A və B vitaminləri yüksək olan tərəvəz və meyvələr sarı rəngdədir. Bunlar sarı bibər, limon və ananasdır.

Yaşıl rəng – məsələn, brokoli, avokado, alma, xiyar, kivi isə lutein, dəmir, kalsium, fol turşusu mənbəyidir.

Göy və bənövşəyi rəngli məhsullarda bədənin mənfi ekoloji təsirlərə qarşı müqavimətini artıran, qan damarlarını gücləndirən, emosional həyəcanlılığı azaldan, yuxunu, əhval-ruhiyyəni, yaddaşı yaxşılaşdıran polifenollar və bioflavonoidlər var. Qaragilə, qırmızı kələm, əncir, qırmızı soğan bu elementlərlə boldur”, – deyə həkim bildirib.

Bununla belə, o qeyd edib ki, güclü immunitet təkcə balanslaşdırılmış yemək və vitaminlərlə zəngin qidalanma ilə deyil, həm də iş və istirahət rejimi, ümumilikdə sağlam həyat tərzi ilə bağlıdır.