Meymunçiçəyinə görə Azərbaycanda məktəblər gec açılacaq? – RƏSMİ

0
64

Bakıda məktəblərdə yeni tədris ilinə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məktəblərdə dezinfeksiya işləri aparılaraq sinif otaqları, dəhlizlər və ümumi istifadə olunan sahələr xüsusi təmizlik prosedurlarından keçirilir.

Qeyd edək ki, meymunçiçəyi virusunun bütün dünyada yayılması ciddi sağlamlıq böhranı yaradır və bəzi bölgələrdə məktəblərin bağlanmasına səbəb olur. 2020-ci ildəki pandemiya prosesini xatırladan bu vəziyyət təhsilə də öz təsirini göstərir.

Xüsusilə Avropanın “qırmızı həyəcan” vəziyyətində olan ölkələrində məktəblər açılmazdan əvvəl bağlanmağa qərar verilib. Qonşu ölkələrdə, Türkiyədə hələlik bu istiqamətdə qərar verilməsə də, halların sayı artarsa, oxşar addımlar atıla bilər.

Beləliklə, meymunçiçəyi virusu təhsil sistemini də təhdid edir.

Ölkəmizdə yeni dərs ili sentyabrın 15-də başlayacaq. Bununla yanaşı, Baş nazir Əli Əsədov “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında” qərar imzalayıb.

Qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin hansı qaydada təşkili təmin ediləcəyi göstərilir. Belə ki, ümumi təhsil pilləsi üzrə – 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili; peşə, orta ixtisas və ali təhsil pillələri üzrə – Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil olacaq.

Hazırda bir sıra dünya ölkələrində meymunçiçəyi ilə bağlı məktəblərin bağlandığı, COP29 ərəfəsində ölkəmizdə tətil olacağı bir dövrə qədər Azərbaycanda məktəblər distant təhsilə keçə bilərmi?

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir: “Bildiririk ki, uşaqlar arasında hansısa xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir.

Buna baxmayaraq ənənəvi olaraq təhsil müəssisələrində müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən təhsilalanlar tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir.

Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. İnfeksion xəstəliklərə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Hazırda distant təhsilə keçilməsi ilə bağlı hər hansı qərar yoxdur”.