Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda “Pekin Operası mədəniyyət fenomeni kimi” adlı toplantı keçirilib. Məclis Pekin Operasında “Dan” qadın rolunun görkəmli ifaçısı Mey Lanfanın anadan olmasının 130 illiyinə həsr edilib.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan–Çin teatr sənəti əlaqələrinin tarixindən, eləcə də mədəni əməkdaşlığın səmərəli inkişafından, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsindən, musiqili teatr qrupları və ifaçılarının mübadiləsindən danışıb.
O, Mey Lanfan ilə Azərbaycan peşəkar vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbül arasındakı dostluq münasibətlərindən, hər iki ölkənin opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan və Çin mədəniyyətinin yaxınlaşdırılması üzrə bu iki sənətkarın xidmətlərindən bəhs edib.
Təqdimatlarla çıxış edən ADU-nun Çinşünaslıq fakültəsinin tələbələri Çin operasının müxtəlif regional forma və
janrlarından, Mey Lanfanın Pekin Operasında apardığı islahatlardan danışıblar.
Bildirilib ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Pekində Çin dilində ilk dəfə 1959-cu ildə “Tantsiyao” teatrının səhnəsində tamaşaya qoyulub. Sonradan Çin Milli Operasının Uxan Eksperimental Opera Teatrı və Tyanczin Milli Bədii Teatrında, Çinin digər şəhərlərində “Arşın mal alan” operettası 300 dəfədən çox səhnələşdirilib.