Metroda ölüm hallarının qarşısını necə alaq? – Ekspert

0
60

Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin “28 May” və “Ulduz” stansiyalarında sərnişin qatar yoluna düşüb. Bu, ilk belə hadisə deyil. İldə bir neçə dəfə metrostansiyalarda ölüm hadisəsi baş verir. Bəziləri ehtiyatsızlıqdan yıxılsa da, çoxu intihar məqsədilə özünü qatarın altına atır.

Yaponiya və başqa bir neçə ölkədə perronda sədd çəkilib ki, bu da yaşana biləcək bənzər hadisələrin qarşısını alır. Azərbaycanda da eyni tədbir görülə bilərmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev stansiyalarda belə səddin olmasının mütləq olduğunu deyib.

Onun fikrincə, bundan sonra təhlükəsizliklə əlaqədar sədd çəkmək olar:

“Təbii ki, metrostansiyaların layihələndirilməsi zamanı bunlar nəzərə alınmalı idi. Sonradan sədd qurmaq mürəkkəb prosesdir. Amma təhlükəsizlik baxımından çox vacib məsələdir. Hətta təhlükəsizliklə bağlı səddin quraşdırılması məqsədəuyğundur. Növbəti stansiyaların tikintisi zamanı bunlar nəzərə alınsa, çox yaxşı olar”.

O qeyd edib ki, metroda insan sıxlığı az qala pik həddə çatıb və belə məqamda təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, platforma qapıları ilə bağlı araşdırılma aparılıb və kifayət qədər böyük vəsaitin tələb olunduğu məlum olub:

“Bu proses Metropolitenin infrastrukturunun bir sıra sahələrini əhatə etməlidir. Söhbət sərnişin təhlükəsizliyindən gedirsə, bu, hər aspektdə qiymətləndirilməlidir. Bir təhlükəsizlik problemini həll etdikdə digər problem yaradılmamalıdır. Təbii ki, müasir dünyada hər şey mümkündür. Amma platforma qapılarının quraşdırılması kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb edən işdir”.