Meşədə itən tələbə altı gün mağarada yaşamaq məcburiyyətində qalıb. Hadisə Avstraliyada baş verib.
Bu barədə “ABC News” xəbər yayıb.
26 yaşlı Yanq Çen fevralın 12-də itkin düşüb. O və sevgilisi Tallebucer vadisində şəlaləyə kimi gediblər. Kişi iki şəlalənin birləşdiyi yerdə qayaya çıxmaq istəyib. Geri qayıtdıqda isə o, qızı tapmayıb.
Çeni polislər və xilasedicilərdən əlavə, könüllülər, hüquq mühafizəçiləri və meşə patrulları axtarıb. Əməliyyata həmçinin, helikopterlər və dronlar cəlb olunub.
Altı gündən sonra Çen itdiyi yerin 300 metrliyində tapılıb. Məlum olub ki, leysandan və daşqınlardan qorunmaq üçün qayaya dırmaşan qız 30 metr hündürlükdə şəlalənin altında mağarada gizlənmək məcburiyyətində qalıb.
Qız bu müddət ərzində ancaq çaydan su içməklə dolanıb.
O, tapılanda təcili yardım maşınına qədər zorla gedə bilib.