Meningitə qarşı peyvənd Azərbaycan üçün aktualdırmı?

0
442

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2019-cu ildə qlobal səviyyədə insan sağlamlığına ciddi təsir edəcək 10 təhlükədən biri peyvənddən imtinadır.

Son illər ərzində bəzi yoluxucu xəstəliklərə daha çox uşağın yoluxması Avropada azyaşlıların peyvəndlənməsi ilə bağlı məsələni ciddi şəkildə gündəmə gətirib. İtaliyada martın 12-dən qüvvəyə minən qərara əsasən, hətta peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi də qadağan edilib.

Azərbaycanda hələ sovet dövründən ümumtəhsil müəssisələrinin birinci sinfinə qəbul üçün tələb olunan sənədlərdən biri uşağın peyvənd olunduğunu təsdiqləyən sağlamlıq arayışdır (Forma U 26).

Hazırda Azərbaycanda uşaqlar 11 əsas yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Azərbaycan Milli Peyvəndlər Təqvim Planına uyğun olaraq, peyvəndlərin ilkin kursu (vaksinasiya) və təkrar kursları (revaksinasiya) yaşlar üzrə müəyyən edilir. İlk peyvənd uşaqlara hepatit B xəstəliyinə qarşı doğuşdan 12 saat sonra edilir.

Statistik məlumatlara görə, 2018-ci ildə ölkədə 1 yaşadək uşaqların 99 faizi hepatit B xəstəliyinə qarşı, 1 yaşa qədər uşaqların 97,4 faizi vərəmə qarşı, 94,7 faizi difteriyaya, göyöskürək, tetanus, b tipli hemofil influenza, hepatit B-yə qarşı, 96,3 faizi poliomielitə, 96 faizi qızılcaya, məxmərəyə, epidemik parotitə qarşı peyvənd edilib.

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, dünya ölkələrinin çoxu ilə müqayisə edildikdə, Azərbaycanda peyvəndlə əhatə olunma səviyyəsi qənaətbəxşdir.

Onun sözlərinə görə, vaksinasiya olunmayan uşaqlar xəstəliklərə yoluxma baxımından həmişə risk qarşısındadırlar:

“Peyvənd olunmayan uşaqlar təhlükəli infeksiyalara yoluxa bilərlər. Azərbaycanda peyvəndlə əhatə olunma səviyyəsi yuxarı olduğuna görə bu təhlükə azdır. Təhlükə o zaman artır ki, vaksin olunmayanların sayı çox olur. Müqayisə edək ki, Gürcüstanda qızılca epidemiyası müşahidə edilib, Azərbaycanda isə bu xəstəliyə tək-tək hallarda yoluxma var. Hesab edirəm ki, bu da vaksinasiyasının hesabınadır”.

Baş pediatr qeyd edib ki, Azərbaycanda uşaqların peyvənd edildiyi xəstəliklərin hamısı onların yoluxa bildiyi xəstəliklərdir:

“Uşaqların istənilən zaman bu xəstəliklərə yoluxma riski var. ÜST-nin statistik araşdırmalarına görə, 1 milyon peyvənddən sonra yalnız 1 ağır fəsad müşahidə oluna bilər. Gəlin müqayisə edək: 1 ağır fəsadın qarşısını almaq üçün peyvənddən ümumiyyətlə imtina etmək, yoxsa peyvənd edib bir ildə 3 milyon insanın həyatını qurtarmaq daha yaxşıdır? Hesab edirəm ki, peyvənd tibbdə tətbiq olunan ən təsirli və dəyərli profilaktika metodudur”.

N.Quliyev uşaqlarını vaxtında peyvənd etdirməyən valideynlərə tövsiyə verərək qeyd edib ki, övladlarını risk altında qoymaqdansa, onları vaxtında peyvənd etdirsinlər:

“Çox təəssüf ki, valideynlər bəzən unudurlar ki, peyvənddən imtina etməklə böyük səhvə yol verirlər. Onlar övladlarının peyvənd olunmaq haqqını pozur və körpələrinin gələcəyini risk qarşısında qoyurlar”.

Baş pediatr Azərbaycanda uşaqların meningit xəstəliyinə qarşı peyvənd edilməsini də ölkəmiz üçün aktual saymayıb.

Onun sözlərinə görə, meninqokokklar tərəfindən törədilən meningit xəstəliyi hansısa ölkədə endemik ocaq kimi mövcud olduqda, orada həmin xəstəliyə qarşı peyvənd aparılır:

“Azərbaycanda meningitə qarşı vaksinasiya tədbirlərinin aparılmasının elə böyük əhəmiyyəti yoxdur. Çünki ölkəmizdə meninqokokk infeksiyası endemik olaraq yayılmır”.

Vaksinlərin keyfiyyətinə gəldikdə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, 2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF-in xətti ilə gəlir. Ölkəyə daxil olan vaksinlər ÜST-nin təhlükəsizlik və effektivlik standartlarına cavab verir.

A.Əliyeva qeyd edib ki, ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər SN-nin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir.