Meksikanın nüfuzlu qəzetlərində Ermənistanın son hərbi təcavüz aktının reallıqları işıqlandırıldı – FOTO

0
549

Meksikanın geniş oxucu kütləsinə malik “Excelsior” və “ContraReplica” qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibələri dərc olunub.

Müsahibələrdə ilk olaraq münaqişənin tarixi haqda danışan səfir bəzi KİV-lərdə deyildiyinin əksinə olaraq, Dağlıq Qarabağın mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq qaydada tanınmış və yeddi ətraf rayonla birlikdə 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş ərazisi olduğunu, bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparılaraq onların doğma yurdlarından qovulduğunu və bu prosesin Xocalı soyqırımı kimi bəşəriyyət əleyhinə cinayətlərlə müşayiət olunduğunu qeyd edib.

Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd ayrı qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazılığına dəstək ifadə etdiyini, bu mövqeyin bir sıra digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərdə də öz əksini tapdığını, ancaq Ermənistan tərəfinin bu günədək həmin sənədlərin tələblərinə məhəl qoymamaqla yanaşı, danışıqlar prosesini pozmaq üçün təxribat əməlləri törətməkdən də çəkinmədiyi bildirib.

27 sentyabr tarixindən etibarən Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini, habelə 1949-cu il Cenevrə Konvensiyalarını kəskin şəkildə pozaraq mülkü əhali və infrastruktura qarşı çoxsaylı artilleriya və raket zərbələri endirdiyini və bu hücumların mülkü əhali arasında qadınlar və uşaqlar da daxil olmaqla tələfata yol açdığını, habelə son günlərdə Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərini ballistik füzələrlə hədəfə aldığını  deyən səfir, bundan sonra Azərbaycan silahlı qüvvələrinin  Ertmənistanın növbəti təcavüz aktının qarşısını almaq, dinc yaşayış məntəqələri və mülkü əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququndan istifadə edərək və beynəlxalq hüquqa uyğun şəkildə əks-hücum tədbirlərinə başladığını söyləyib.

Ermənistanın son iki il ərzində törətdiyi çoxsaylı təxribat xarakterli əməllərdən danışan səfir, bu xüsusda işğalçı dövlətin silahlı qüvvələrinin iyul ayında Tovuz ərazisindəki hücumlarını, avqust ayında Goranboy bölgəsindəki diversiya əməlini, bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatlarını, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma apardığını qeyd edərək, bu əməllərin Ermənistanın illərdir yürütdüyü anneksionist siyasətin təzühürü olduğunu, iki həftə öncə başladılmış son təcavüz aktının da bu siyasətin davamı kimi ortaya çıxdığını və Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə, o cümlədən BMT Baş Assambelyası çərçivəsində son çıxışında Ermənistanın bu addımları və Azərbaycana qarşı növbəti hərbi təcavüzə hazırlaşdığı barədə dünya ictimaiyyətinə xəbərdarlıq etdiyini bildirib.

Azərbaycanın 30 ilə yaxın bir müddətdə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə sadiq qaldığını söyləyən diplomat, son iki ildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha aqressiv mövqe nümayiş etdirməklə və qeyd olunan təxribat xarakterli əməlləri ilə danışıqlar prosesini tamamilə pozduğunu deyib.

Müxbirin sualına cavab olaraq, münaqişənin Azərbaycan üçün əsla dini əsası olmadığını vurğulayan səfir, eyni zamanda Türkiyənin də münaqişədəki roluna toxunaraq, Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu, hazırkı münaqişədə ölkəmizə siyasi və mənəvi dəstək göstərdiyini və ümumiyyətlə regionda bir növ sabitləşdirici rol oynadığını bildirib.

Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qalması və bu ölkənin davamlı təcavüz aktlarının regionda sülh və təhlükəsizliyə qarşı başlıca təhdid olduğunu, daim sülh tərəfdarı olan Azərbaycanın 30 ilə yaxın işğal edilmiş ərazilərinin danışıqlar yolu ilə azad ediləcəyinə ümid etdiyi halda, Ermənistanın bu vaxtdan istifadə edərək danışıqları imitasiya edərək öz işğal faktını daha da möhkəmləndirməyə çalışdığını deyən diplomat, regionda davamlı sülhün bərqərar olmasının yeganə formulunun beynəlxalq düzənə sadiq qalınaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi, bu xüsusda işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu vurğulayıb.

Sonda səfir Azərbaycan xalqının da regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün işğal olunmuş Azərbaycan ərazilərindən erməni qoşunlarının çıxarılması və BMT TŞ-nin müvafiq qətnamələrinin icra edilməsini tələb etdiyini bildirərək, beynəlxalq ictimaiyyətin hər zamankından daha qətiyyətli mövqe sərgiləməli olduğunu, Ermənistandan mülkü əhalimizə qarşı terror addımlarından əl çəkməyi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarını bərpa etməyi, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi və adıçəkilən qətnamələri yerinə yetirməyi tələb etməli olduğunu, əks halda bu tip münaqişələrin qlobal təhlükəsizliyə də təhdid yarada biləcək zəncirvari hadisələrə gətirib çıxara biləcəyini söyləyib.

Müsahibələrlə bu linklərdən tanış ola bilərsiniz:

https://www.excelsior.com.mx/global/armenia-impulsa-una-politica-expansionista/1410003

https://www.contrareplica.mx/nota-Entrevista-Mammad-Talibov-Embajador-de-Azerbaiyan-ante-Mexico202091046