Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz Türkiyəyə müalicəyə göndərildi – VİDEO

0
444

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə daha bir qazimiz müalicə üçün Türkiyəyə yola salınıb.

II Qarabağ müharibəsinin daha bir iştirakçısı, əsgər Rəvan Əzizov da müalicə və reabilitasiya prosedurlarının keçməsi üçün Heydər Əliyev Fonduna müraciət edib. 

Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz mərmi partlayışı nəticəsində yaralanıb. 

Qazimiz Mehriban Əliyevanın tapşırığı ilə müayinə, müalicə və reabilitasiya üçün Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göndərilib. 

Qazi Rəvan Əzizov yola düşmədən öncə qeyd edib ki, sentyabrın 27-də Azərbaycanın bütövlüyü uğrunda başlanan müharibədə Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib:

“Oktyabrın 6-da Murovdağda yaralandım. Minaatan zərbəsi nəticəsində qəlpə boynuma dəydi və sinir sistemim zədələndi. İlk günlərdə əl-ayaq hərəkətlərimi itirmişdim, sonradan yavaş-yavaş bərpa olundu. İndi daha da yaxşılaşmaq üçün Türkiyəyə gedirəm”.

R.Əzizov bildirib ki, Heydər Əliyev Fondu müraciətə qısa müddətdə cavab verib:

“Cənab Ali Baş Komandan İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Onların dəstəyi ilə inşallah gedib Türkiyədə yaxşı olub, gələcəyəm”. 

Rəvan Əzizovun anası Zöhrə Əzizova bildirib ki, yeganə övladının vəziyyəti ağır olduğu üçün Heydər Əliyev Fonduna müraciət edib:

“Çox sağ olsunlar ki, onlar da bizim müraciətimizi tez bir zamanda qəbul etdilər. Bizə kömək etdilər, dəstək oldular. Başda Mehriban Əliyeva və Ali Baş Komandanımız olmaqla, Heydər Əliyev Fondunun bütün təşkilatçılarına öz təşəkkürümüzü bildiririk ki, belə qısa zamanda oğlumun sağlamlığına qovuşması üçün bizi Türkiyəyə yola salırlar. Çox böyük ümidimiz var. İnşallah özü öz ayaqları üstündə Azərbaycana qayıdar”.

Rəvan Əzizov əks-hücum əməliyyatları başlayan zaman hərbi xidmətdə olub və topçu kimi döyüşlərə qatılıb. Müharibədən sonra R.Əzizov Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.  

Qarabağ müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailəsinə və qazilərimizə qayğı Heydər Əliyev Fondunun fəaliyyətində daim diqqətdə saxlanılır. 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.