Gimnastika Mərkəzinin yerləşdiyi ərazinin ümumi sahəsi 25,7 min kvadratmetr olmaqla beş mərtəbədən və nadir layihə əsasında informasiya modelləşdirilməsi texnologiyalarının tətbiqi ilə bir yeraltı mərtəbədən ibarətdir
Noyabrın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova qarşıladı.

Birinci vitse-prezident Mehriban Əliyeva burada İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış oldu. Məlumat verildi ki, bu ilin iyun ayında açılan Gimnastika Mərkəzində məşq zalları, məşqçilər və hakimlər üçün otaqlar, multimedia muzeyi, şərhçi otaqları, yeməkxana, press-bar və emalatxanalar var.

Sonra əsas arena ilə tanışlıq oldu.


İrina Viner-Usmanovanın ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafında xüsusi rolu var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan və Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Sonda Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olundu.