Mazda MX-5 xüsusi Eunos Edition versiyasına sahib olub – FOTO

0
392

Mazda şirkəti MX-5 rodsterinin məhdud saylı tirajla buraxılacaq Eunos Edition versiyasını təqdim edib. Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Mazda şirkəti MX-5 modelinin zəngin tərtibata və bahalı dekora malik olan versiyalarını məhz Eunos subbrendi altında istehsal edirdi.

Mazda MX-5 Eunos Edition rodsterlərini kuzovun alternativsiz qara Jet Black rəngi, on qollu antrasit rəngli təkər diskləri, tünd rəngli yumşaq dam və xüsusi versiyanın adı olan emblemlər sayəsində tanımaq olar.

Mazda MX-5 Eunos Edition modeli rodsterin top modifikasiyasına əsaslanır: xüsusi versiyanın oturacaqları, ön paneli və qapı kartları 25 il bundan öncə buraxılmış Eunos Roadster modelində olduğu kimi, tünd qırmızı nappa dərisi ilə üzlənib. Bundan başqa, rodster doqquz dinamikli Bose səs sistemi ilə də təchiz edilir.

Eunos Edition seriyasından olan rodsterlər texniki cəhətdən dəyişməyib. Rodster 132 at qüvvəsi hasil edən 1,5-litrlik mühərrik, 6-pilləli mexaniki transmissiya ilə təchiz edilir. Ötürmə – arxa oxadır. Avropada qəbul edilmiş sərt ekoloji standartlar, xüsusi seriyadan olan rodsterləri 184 at qüvvəli 2,0-litrlik Mazda mühərriki ilə təchiz edilməsinə imkan verməyib.

Mazda şirkəti üçün Eunos subbrendi, 1980-ci illərin ikinci yarısında Toyota və Honda tərəfindən təsis edilmiş Lexus və Acura premium markalarına cavab cəhdi olub. Eunos markalı avtomobillər 1989-1996-cı illər arasında Yaponiya bazarında təklif edilib. 1996-cı ildə Mazda şirkəti bu layihəyə son vermək qərarına gəlib.

Mazda MX-5 Eunos Edition modelinin qiymətləri açıqlanıb: rodsterin qiyməti 34,600 avrodan  başalayacaqdır. Xüsusi rodsterin tirajı 110 nüsxə ilə məhdudlaşdırılıb