Martın 26-sı Epilepsiya Xəstələri Günüdür

0
354

Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. Onun yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən sahəsində – epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır.

Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Rəng Günü ilk dəfə 2008-ci il martın 26-da qeyd olunub.

Həmin il epilepsiyadan əziyyət çəkən doqquz yaşlı qız Kessidi Meqan özünün başqalarından heç də fərqlənmədiyini göstərməyə qərar verib. O, xəstəliyin ətrafdakılar tərəfindən dəliliyin yüngül forması kimi qəbul olunduğunu hiss etmişdi. Kessidi xəstəlik barədə yayılan mifləri dağıtmaq üçün “Bənövşəyi gün” yaratmağa nail olub. Onun başladığı təşəbbüsü əvvəlcə Kanadadakı Yeni Şotlandiya Epilepsiya Assosiasiyası dəstəkləyib, ardınca isə dünyanın başqa təşkilatları da ona tərəfdar çıxıblar. Bundan bir il sonra 100 min tələbə, 100-ə yaxın ictimai birlik və 100-dən artıq məşhur siyasətçi həmin təşəbbüsə qoşulub. Torontoda məşhur televiziya qülləsini həmrəylik əlaməti olaraq bir axşam bənövşəyi rəngə boyayıblar.

Martın 26-da dünyanın müxtəlif ölkələrində xəstəlik və ona göstərilən ilk yardım haqqında informasiyalar yayılır. Bundan başqa, keçirilən hərrac, yarmarka, konsert və idman yarışları vasitəsilə xəstələr üçün vəsait yığılır. Həmin gün bütün dünyada keçirilən bu beynəlxalq tədbir epilepsiya haqqında məlumatlılığı artırmağa xidmət edir.