Marketlərin insanları “zəhərləmək” üçün əl atdıqları çirkin üsul – Qarşısı niyə alınmır?

0
137

Ölkədə siqaret çəkənlərin sayı hər keçən gün artır. Xüsusilə də gənc nəslin, yeniyetmələrin bu zərərli vərdişə aludə olması cəmiyyətimiz üçün böyük təhlükə hesab olunur. Statistika göstərir ki, hər il dünyada milyonlarla insan bu zərərli vərdişin qurbanı olur.

Siqaret çəkmək insanlarda tənəffüs yolu xəstəliklərindən tutmuş ağciyər xərçəngi kimi ağır bəlaya qədər aparıb çıxarır. Çox acınacaqlı bir hal olmasına baxmayaraq, buna qarşı az tədbir görülür. Hətta marketlərin girişində, diqqətçəkən yerlərdə bu zərərli məhsulları reklam edən böyük guşələr yaradılıb.

Fotodan da göründüyü kimi, tütün məmulatları açıq şəkildə reklam olunur. İnsanları cəlb etmək üçün “Yüksək dəyər, üstün keyfiyyət” “Yeni dadı kəşf et”, “Həzz al”, “Anı yaşa” kimi ifadələrdən istifadə edərək, bu zərərli məhsulu təbliğ edirlər.

Halbuki “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa görə, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır.

Maraqlıdır, qanunla qadağan olunduğu halda bu cür reklam üsullarından istifadəyə niyə icazə verilir?

Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, qanun daim insanların lehinə dəyişdirilsə də, ildən-ilə ayaq altına düşüb.

“Ölkəmizdə “Tütün və tütün məmulatı haqqında” qanun qəbul olunub, Azərbaycan 2003-cü il mayın 21-də imzalanmış “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasına müvafiq bəyanatla qoşulub. Qanunda siqaretin tək-tək satışı, həmçinin təhsil müəssisələri ətrafında satılması qadağan olsa da, satılır. Hətta ölkənin əmtəə bazarına qəlyan, elektron siqaret və başqa tütün məhsulları da daxil olub. Azad İstehlakçılar Birliyinin tədqiqatı göstərir ki, bunlar qanuni üsulla daxil olmayıb, qaçaqmalçılıq yolu ilə gətirilib. Bu isə olduqca keyfiyyətsiz və təhlükəlidir”, – E. Hüseynov qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 5 milyon insan siqaretdən ölür. Statistikaya görə, 2030-cu ildə nikotin hər saniyədə bir nəfərin həyatına son qoyacaq. Beləliklə, ölümlərin sayı ildə 10 milyon nəfərə çatacaq. ÜST-nin hesabatına görə, dünyada ən çox siqaret çəkən ölkələr sırasında Azərbaycan 32 faizlə 85-ci sıradadır. Qeyd olunub ki, Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 41 faizi siqaret çəkir və bu rəqəm ildən-ilə artır.

Eyyub Hüseynov vurğulayıb ki, qanuna görə, hər 3 ildən bir siqaretlərin üzərində olan xəbərdarlıq dəyişməlidir. Lakin buna əhəmiyyət verilmir:

“Azərbaycan marketə daxil olarkən səni ekzotik, bəzədilmiş siqaret taxçaları qarşılayan nadir ölkələrdən biridir. Təəssüflər olsun ki, “Reklam haqqında” qanunda tütün məmulatlarının reklamı qadağan olsa da, canlı məhsulun özü reklam obyekti sayılmır. Təsadüfi deyil ki, ölkədə tütün istifadəçiləri ilbəil artır. Birmənalı olaraq insanları qarşılayan tütün məmulatlarının üzəri örtülməlidir. Üstündə isə tutarlı sözlər, ifadələr yazılmalıdır. Azərbaycanda tütün inkişaf edir. Buna görə də xəstəxanalarda, apteklərdə sıra əlindən tərpənmək olmur. Tütün məmulatlarının bütün növləri zərərlidir”.

2001-ci ildə qüvvəyə minən “Tütün və tütün məmulatı haqqında” qanuna əsasən, tütün məmulatının satışında həvəsləndirmə üsullarına məhdudiyyət qoyulmalıdır. Qanuna görə, tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərin məhsul satışında istehlakçıları həvəsləndirməsi qadağan edilir.

Millət vəkili Fazil Mustafa bu məsələnin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb:

“ “Reklam haqqında” Azərbaycan Respublikasının qanunundan başqa cəmiyyət olaraq siqaret, spirtli içkilər və başqa hansısa zərərli maddələrin istehlakı və onların vurduğu zərərlə bağlı heç bir iş görmürük. Məqsəd güdürük ki, malımız satılsın, xeyrimiz olsun. Bununla cəmiyyətə vurduğumuz zərəri görmürük. Qanunda olan tütün məhdudiyyətlərini gündəmə gətirmək lazımdır. Həmçinin yeniliklər də etmək olar. Acınacaqlı vəziyyət odur ki, bu mövzuya ciddi diqqət ayırmırıq. Bu məsələnin qarşısını almağa heç kəsin gücü və iradəsi çatmır”.

Azərbaycanın qoşulduğu Ümumdünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Çərçivə Konvensiyasında tələb olunur ki, hər 3 ildən bir siqaretin üzərindəki yazı dəyişməli, ən müxtəlif çağırışlardan istifadə olunmalıdır.

Bəs Azərbaycanda bu qaydaya əməl olunurmu?

Sualımızı Səhiyyə Nazirliyinə ünvanladıq. Nazirlikdən bildirildi ki, bu, Azərbaycan Standartlaşdırma İnstitutuna aid məsələdir.

İnstitut isə sorğumuza ikibaşlı cavab verdi. İlk olaraq bu işlə onların məşğul olmadığı, daha sonra isə məsələnin İnstituta aid olduğu bildirildi. Digər suallarımız isə cavabsız qaldı. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi iləUşaq və gənclərin fiziki və mənəvi inkişafıistiqaməti üzrə hazırlanıb.