Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət vermə əməllərində təqsirləndirilən falçı kimi tanınan Sevinc Kərimovaya hökm oxunub.
Tərtər rayon sakini, 1971-ci il təvəllüdlü S.Kərimova qeyd edilən əməllərdə təqsirli bilinərək 6 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Araşdırmalar zamanı məlum olub ki, S.Kərimova biznes fəaliyyəti ilə məşğul olan şəxsdən onun xaricdən gətirdiyi malları gömrük rüsumundan yayındıracağını bildirərək onun 50 min manatını ələ keçirib.
O, həmçinin həbs edilmiş Fərrux Bayramov adlı şəxsin azadlığa buraxılmasını təşkil edəcəyini vəd edərək onun yaxınlarının 29 min manat rüşvət verməsinə vasitəçilik və təhrik edib.
S.Kərimova onu müalicə edən həkimə isə yalandan vəd verərək dayısının Bakıda və Xırdalanda çoxmərtəbəli binalar tikdiyini bildirib. O, həmin həkimdən və oğlundan evin alınması üçün ümumilikdə 43 min manat alıb. Həmin pulun 15 min manatı isə həkimin yeni evlənmiş Elvin adlı oğlunun toyundan yığılan vəsait olub. Lakin sonradan həmin şəxslərin adına heç bir əmlakın sənədləşdirilmədiyi, S.Kərimovanın bütün pulları ələ keçirdiyi üzə çıxıb.