Maliyyə Nazirliyi 4 təşkilatda apardığı yoxlama zamanı 5 milyon manatdan artıq əsassız ödənişlər aşkar edib

0
562

Cari ilin birinci yarısında mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə təşkilat üzrə aşkar edilmiş 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər prokurorluq orqanlarına göndərilib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, qeyd olunan dövrdə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda aparılmış yoxlamalarla 5 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3 295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.

Cari ilin birinci yarısında məktəbəqədər və orta təhsil müəssisələrində aparılmış yoxlamalarla şagirdlərin sayının müvafiq qaydada müəyyən edilmiş normadan az olduğu halda ingilis dili, alman dili, azərbaycan dili və fiziki tərbiyə fənləri üzrə dərslərin siniflərin yarımqruplara bölünməsi ilə keçirildiyi və bu hesaba süni əsas yaradılaraq əlavə əməkhaqqı ödənildiyi, qrupların fəaliyyət göstərməsi üçün lazımi tədris-maddi baza olmadığı halda günüuzadılmış qrupların təşkil edildiyi, ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqlarının yığılması və onların xərclənməsi üzrə uçotun tələb olunan səviyyədə aparılmadığı, maddi-məsul şəxslərin öhdəsində bərk və yumşaq inventarlar üzrə çatışmazlığa yol verildiyi aşkar edilib.

Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılmasında, hesabatların tərtibi işlərində nöqsanlara yol verilib, təsərrüfat əməliyyatlarına müxabirləşmələr verilməyib, maddi-məsul şəxslərlə tam maddi məsuliyyət haqqında fərdi müqavilələr bağlanılmayıb. Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlar göndərilib.