Maliyyə bazarlarının inkişafına təkan verəcək addım

0
433

 

Maliyyə bazarlarının inkişafına təkan verəcək addım

Manatla istiqrazları emissiya edilməsi iqtisadiyyatının inkişafına, əlavə borc vəsaitlərinin cəlb edilməsinə və sahibkarlığın genişlənməsinə töhfələr verəcək

Yazını təqdim edirik:

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzun müddətdir sıx əməkdaşlıq aparılmaqdadır. Görülmüş işlər nəticəsində Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya ediləcəkdir.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 16 iyul 2019-cu il tarixində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur. Adıçəkilən banka məxsus istiqrazların yerli valyutada kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında emissiyası respublikamız üçün əlamətdar hadisədir və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın göstəricisidir. Bu, beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiyanın, əməkdaşlığın və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qabaqcıl beynəlxalq prinsiplər və standartların yerli qiymətli kağızlar bazarına tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcəkdir.

Qeyd edək ki, bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilən yeniliklərin davam etdirilməsi və yaxın gələcəkdə digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tutulur.

Maliyyə sistemində ilk dəfə manatla istiqrazın buraxılmasının iqtisadi baxımdan hansı əhəmiyyəti olacağını, bizə nə kimi üstünlüklər gətirəcəyini öyrənməyə çalışdıq.

İqtisadçı ekspert Pərviz Heydərov bu addımın milli valyutamızın dəyərini möhkəmlədəcəyini deyir: “Hazırda ölkəmizdə qiymətli kağızlar bazarı istənilən səviyyədə inkişaf etməyib. Yəni bu sahədə dövlət tərəfindən hər cür lazımı müvafiq tədbirlər görülmüş olsa da yəni, bazarın bütün seqmentlərinin təşəkkül tapması üçün hər cür şərait yaradılsa da, bilavasitə iqtisadiyyatın inkişafından irəli gələn səbəblərə görə hazırda Azərbaycanın qiymətli kağızlar bazarı tələb olunan səviyyədə deyil. Bu bazarı inkişaf etdirmək üçün onun xarici bazarlarla əlaqəsinin, o cümlədən beynəlxalq maliyyə və iqtisadi qurumların burada iştirakının təmin edilməsi olduqca vacib nüansdır. Bu mənada Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan qiymətli kağızlar bazarında milli valyuta ilə istiqraz buraxılışı etməsi olduqca təqdirəlayiq haldır. Bu, həm qiymətli kağızlar bazarının bazar iqtisadiyyatının tələblərinə uyğun bir şəkildə inkişaf etməsinə kömək edəcək, həm də manatın gələcəkdə önəmli valyutaya çevrilməsi prosesini sürətləndirəcək. O cümlədən ölkə iqtisadiyyatının inkişafı, əlavə borc vəsaitlərinin iqtisadiyyata cəlb edilməsi, həmçinin sahibkarlığın da genişlənməsi üçün bir sıra töhfələr verəcək. Ona görə də hesab edirəm ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının bu addımı digər beynəlxalq səviyyəli qurumların da bu kimi addımlar atmasına təkan verəcək. Beləliklə də ölkəmizin qiymətli kağızlar bazarı həm xarici fond birjaları ilə inteqrasiyaya girmiş olacaq, həm də milli valyutamızın dəyəri möhkəmlənəcək”.

İqtisadçı Rəşad Həsənov qeyd edir ki, ilk təcrübə uğurlu alınarsa, növbəti dövrlərdə dövriyyənin həcmi artacaqdır və bunun da sahibkarlığın inkişafına yönləndirilməsi olduqca əhəmiyyətli olacaqdır: “Beynəlxalq bir qurumun manatla istiqraz buraxması istənilən halda ölkəmizdə qiymətli kağızlar bazarının inkişaf etməsinə gətirib çıxardır. Eyni zamanda, bu, ilk təcrübədir. Onun uğurluluq səviyyəsi növbəti dövrlərdə bu istiqamətdə ola biləcək təşəbbüslərin istinad yeri olacaq. Çünki uzun müddətdir ki, bir sıra beynəlxalq maliyyə institutları manatla istiqrazların emissiya edilməsinə maraq göstərirlər. Bu addım digər maliyyə institutlar üçün də təcrübə olacaqdır. Bu mövzuda ikinci məsələ odur ki, emissiyaların faizləri 9.7 səviyyəsində müəyyənləşdirilib və bu, kifayət qədər yüksək faizdir. İstiqrazların yüksək faizlə emissiya edilməsi vətəndaşlar üçün öz yığımlarını daha effektiv maliyyə alətlərində yerləşdirməsi üçün şans yaradır. Digər tərəfdən, yığımların dövriyyəyə cəlb olunmasına, iqtisadiyyata qazandırılmasına kömək edəcəkdir. Çünki vəsaitlər nə qədər iqtisadiyyatdan, dövriyyədən kənarda qalırsa, yaradılan dəyər həcminə bir o qədər neqativ təsir göstərmiş olur. Bütövlükdə götürəndə bu ilk təcrübə uğurlu alınarsa, növbəti dövrlərdə dövriyyənin həcmi artacaqdır və bunun da sahibkarlığın inkişafına yönləndirilməsi olduqca əhəmiyyətli olacaqdır”.