2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 10-u saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
İmtahan fevralın 20-də (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Qəbul elanının tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. “Magistr” jurnalının bu sayında, eyni zamanda, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.
Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.