Maaş və pensiya artımı hansı səviyyədə olacaq? – AÇIQLAMA

0
230

16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn tapşırıqlar əsasında özəl sektorda da çalışan insanların əməkhaqlarının artmasına səbəb olacaq.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili əməkhaqları, əmək pensiyaları və sosial müavinətlər, həmçinin təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasını nəzərdə tutan sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamından və onun verdiyi tapşırıqdan görünür ki, artımlar geniş və əhəmiyyətli olacaq, eyni zamanda, əməkhaqqı fondunun büdcədə artımı ümumi büdcə siyasəti ilə uyğunlaşdırılacaq:

“2021-ci ildə büdcə gəlirlərinin artımı, iqtisadiyyatın böyüməsi və əlverişli makro-iqtisadi mühit bu artımları reallaşdırmağa və bazarın da bunu həzm etməsinə imkan yaratmaqdadır. Baxmayaraq ki, dövlət büdcəsi qarşısında xeyli mühüm vəzifələr durur (bərpa, təhlükəsizlik), yaranan əlavə imkanların vətəndaşların sosial inkişafına yönəldilməsi çox mühüm haldır”.

Komitə sədrinin fikrincə, artımlar demək olar ki, bütün kateqoriyaları əhatə edəcək, minimum əməkhaqları, pensiya, təqaüd, maaşların artırılması həm də özəl sektorda da çalışan insanların əməkhaqlarının artmasına, sahibkarlıq fəaliyyətinin isə daha da canlanmasına səbəb olacaq:

“Artımlar tezliklə Büdcə paketi ilə bir yerdə Milli Məclisə daxil olacaq. O zaman daha ətraflı məlumatlar veriləcək”.

Qeyd edək ki, Maliyyə Nazirliyi tərəfindən əməkhaqları, pensiya və müavinətlərin artırılmasının gələn ilin dövlət büdcəsində əks etdirilməsi üçün işlərə başlanılıb.

Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq. Nəticədə büdcədə nəzərdə tutulan vəsaitə əsasən artım müəyyən ediləcək.