Bu gün Azərbaycanın əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimi Məzahir Süleymanzadənin doğum günüdür. 1952-ci ildə Bakıda anadan olan Məzahir Süleymanzadə ötən əsrin 70-ci illərinin əvvəlində Şamaxı Tarix-diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş, Zaqafqaziya Hərbi Dairəsinin Tibilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi məktəbinin jurnalistika fakültəsini bitirmiş, 1974-1979-cu illərdə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.
Müxtəlif illərdə “Leninskoye znamya”, “Krasnaya zvezdo”, “İdman-sport” qəzetlərində, “Sovetski voin” jurnalında çalışmışdır. “Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutmuşdur. 1989-cu ildə isə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan və
20 yanvar faciəsində 2 milyon tirajla çap olunan “Səhər” qəzetini təsis etmişdir.
Məzahir Süleymanzadə 20-dən çox kitabın müəllifidir.
Eyni zamanda “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” Ali mükafatlarına layiq görülmüş, 1989-cu ildə isə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Hazırda Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri olan Məzahir Süleymanzadə səhhətindəki problemlərə baxmayaraq yaradıcılıq fəaliyyətini davam etdirir.
Şərəfli qələm ustasını bütün həmkarları və “Səhər” qəzetinin əməkdaşı olmuş,”Səhər”də jurnalist məktəbi keçmiş hər bir kəs adından ürəkdən təbrik edirik. Ona can sağlığı və davamlı yaradıcılıq uğurları arzu edirik.