Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏR

0
357

Artıq bütün dünyada koronavirus pandemiyasının qarşısını almaq üçün kütləvi vaksinasiyaya start verilib. Azərbaycanda bu proses yanvarın 18-də başlayıb. Xüsusi risk qrupunda olan yaşı 65-dən yuxarı şəxslər üçün vaksinasiya prosesi isə fevralın 1-dən start götürüb.

Azərbaycan dövləti vətəndaşlarının həyat və sağlamlıqlarını düşünərək Çin istehsalı olan SİNOVAC vaksinlərini ölkəyə gətirib. Bir çox dünya alimləri, ekspertlər Çin istehsalı olan bu vaksinlərin keyfiyyətini yüksək qiymətləndirirlər.

Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış ziyalılar da zaman-zaman vaksin vurduraraq insanlara örənk olmağa çalışırlar. Xüsusi yaş qrupunda olan vətəndaşlarımızı da vaksinasiyadan qorxmamağa, peyvənd qəbul etmək üçün könüllü olmağa səsləyirlər. Təbii ki, pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır, odur ki, hər kəs bu prosesdə iştirak etməlidir.

Xalq artisti Fərhad Bədəlbəyli  vasitəsi ilə insanlara müraciət edib:

“Mən özüm SİNOVAC vaksinini vurdurmuşam. Çox yüngül bir prosedurdur. Adam heç nə hiss eləmir. Sadəcə olaraq vaksin vurulan yeri iki gün sudan qorumaq lazımdır, ora su dəyməməlidir. Vəssalam, çox rahat bir prosedurdur. Yaşı 65-dən yuxarı olan bütün insanlara vaksinasiyadan keçməyi tövsiyə edirəm. Bizdə yaşı 70-75 olan çox məşhur professorlarımız, bəstəkarlarımız var. Tofiq Bakıxanov 90 yaşındadır. Əlbəttə, onlar da vaksinasiyadan keçməlidirlər. Eləcə də yaşı 65-dən yuxarı olan hər kəsi vaksinasiyaya dəvət edirəm. Rektor kimi mən yaşı 65-dən yuxarı olan məsləkdaşlarıma vaksinasiya ilə bağlı təzyiq göstərmirəm, tövsiyə edirəm… Özüm vaksinasiyadan keçmək üçün poliklinikaya getdim və onlara da dedim ki, baxın, mən gedib vaksin vurdurdum. İlk addımı özüm atdım və hər kəsə də bununla bağlı tövsiyə edirəm. Heç kim vaksin vurdurmaqdan qorxmasın, heç bir problemi yoxdur”.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı xüsusi yaş qrupunda olan insanları vaksinasiya prosesində insanları könüllü olmağa səsləyib:

“Hesab edirəm ki, yaşı 65-dən yuxarı hər kəs vaksin vurdurmalıdır. Bu, bütün dünyada gedən bir prosesdir. Bu xəstəliyin, koronavirusun nə qədər insanın həyatına son qoyduğunu görürük, bilirik, izləmişik. Tanışlarımızdan, çevrəmizdəki adamlardan dünyasını dəyişənlər olub. Məncə, aşılanmadan, peyvənddən dünyasını dəyişən haqqında heç bir məlumat yoxdur. Amma xəstəlik nə qədər insanın həyatına son qoyub. Ona görə də vaksinasiya olunmaq lazımdır. Bu işlə məşğul olan mütəxəssislər, alimlər var. Onların da fikri budur ki, insanlar peyvənd olunmalıdır. Ona görə də istərdim ki, hər kəs vaksinasiyadan keçsin. Fakt odur ki, bu xəstəlik var, insanların həyatını yarıda qırır”.

Xalq şairinin fikrincə, ona görə də bu virusa qarşı mübarizə aparmaq lazımdır:

“Bu gün mübarizənin ən vacib yolu ölkəmizə gətirilən SİNOVAC vaksinlərinə biganə yanaşmamaqdır. Ən əsası psixoloji sarsıntıdan, şübhədən azad olursan. Bunun özü elə müalicədir. Vaksinin tibbi tərəfi ilə yanaşı, psixoloji tərəfi də var. Arxayın olursan ki, artıq vaksin vurdurmusan. Yəni bu xəstəlik mənə yaxın düşə bilməz. Sarsıntılardan, qorxulardan qurtulmaq üçün ən azından peyvndi vurdurmaq lazımdır”.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da könüllü şəkildə vaksinasiyadan keçənlər arasındadır:

“Mən dünyanı bürüyən fəlakətin başlandığı ilk gündən çağırışlara, məsləhətlərə və tövsiyələrə çox böyük məsuliyyətlə yanaşdım. Deyilənləri elədim. Tibbi maska, sosial məsafə və gigyenik qaydalara ciddi şəkildə əməl etdim. Şükürlər olsun, bu virusa yoluxmadım. Bütün dünyada olduğu kimi artıq Azərbaycanda da pandemiyaya qarşı peyvəndləmə başlayıb. Mən də fevralın 8-də daxil olduğum riskli yaş qrupun nümayəndəsi kimi könüllü olaraq peyvənd olunmağım üçün müraciət etdim. Elə həmin gün peyvəndi qəbul etdim, sonra həkimlərin tövsiyyəsi ilə yarım saat gözlədim. Bu yarım saatın ərzində məndə hər hansı əks təsir görünmədi. Ondan keçən zaman kəsiyində – bu günə qədər məndə peyvəndin hər hansı əks təsiri olmadı. Baş ağrısı, qızdırma, susuzluq yoxdur, iştahım da öz yerindədir. Hər şey qaydasındadır. Bir daha bildirirəm ki, SİNOVAC vaksinlərinin heç bir mənfi təsiri yoxdur. Mart ayının 6-da mən böyük məmnuniyyətlə ikinci vaksini vurduracağam”.

Deputat deyib ki, beləliklə, Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərin tövsiyyələrinə uyğun olaraq bu günə qədər olduğu kimi özünü necə qoruyubsa, bundan sonra da vaksinlə özünü qorumuş olacaq:

“Ona görə də hər kəsə səslənirəm ki, vaksinlərlə bağlı sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən yayılan şaiyələrə, əsası olmayan fikirlərə inanmasınlar. Könüllü şəkildə bu vaksindən istifadə etsinlər. Özlərini xəstələnməkdən sığortalasınlar. Sağlam və uzun ömür sürsünlər. Bu pandemiyaya qalib gəlsinlər. Ailələri, övladları və ən əsası xalqı ilə bərabər, həmrəy olsunlar. Ən əsası, sağlam həyat tərzi keçirsinlər”.