Məşhur “Dostluq” kinoteatrı sökülür? – Rəsmi açıqlama

0
128

Məşhur “Dostluq” kinoteatrının sökülməsi işlərinə başlanıldığı iddia olunur.

Bu barədə memar Elçin Əliyev sosial şəbəkədə yazıb.

“İki gündür ki, 1960-cı illərin Stalin dövrünün memarlıq abidəsi olan “Dostluq” kinoteatrının sökülməsi işləri aparılır. Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılıların yaddaşında qalan kinoteatrın yerində hündürmərtəbəli bina tikmək istəyirlər. Doğrudanmı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Stalin” dövrünə aid və şəhərlilərin yaddaşında qalan tarixi binanın yerində yeni layihəni təsdiq edə bilərdi?” .

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini – sektor müdiri Ramiz İdrisoğlu Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.

“6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damı və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb.

Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. Əlavə olaraq bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. Buna baxmayaraq, uzun illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub.

Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib”.

Dövlət Şəhərsalma və Arxetektura Komitəsinin saytımıza təqdim etdiyi fotoları təqdim edirik.