Azərbaycanın məşhur dondurma istehsalçısı olan şirkətlərlə bağlı ədliyyə naziri Fərid Əhmədova və Nazirliyin İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədova müraciət ünvanlanıb.
Musavat.com xəbər verir ki, müraciət müəllifləri “AER Company Qrup” və “Master Milk” MMC-ləri bankdan götürdüyü külli miqdarda krediti geri qaytarmamaqda, məhkəmə qərarını icra etməməkdə ittiham edirlər.
Müraciət müəllifləri yazır:
“Yazaraq Sizə məlum edirik ki, biz Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 21 ünvanında süd və dondurma məhsulları istehsal edən, adı bir neçə dəfə dəyişdirilmiş, “Master Milk” MMC-nin işçiləri olmuş, müxtəlif maddələrlə işdən azad edilmişik. Hazırda MMC-nin rəhbərliyi qaimə-fakturalardakı imzaları saxtalaşdıraraq (Hakim Fuad Axundov) bizi məhkəmələrə verib, əsassız pul tələb edir. Lakin bununla belə, Xətai rayon prokuroru Sərdar İmanov MMC-nin rəhbərliyini himayə elməkdə davam edir. “Master Milk” MMC qanundan kənar fəailiyyət göstərib və hazırda həmin işlərini davam etdirir. Külli miqdarda vergidən yayınma, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilməli vəsaitin mənimsənilməsi və s. barədə məhkəmə mübahisələri davam etdirilir. Belə ki, əmək haqqımızdan vaxtı ilə DSMF-yə tutulan külli miqdarda vəsait mənimsənilib. (hakim Pərviz Zamanlı)
Bundan başqa, MMC rəhbərliyi tərəfindən əvvəllər (2007-2012-ci illər) “DəmirBank”ASC-dən külli miqdarda – 4 milyon manat kredit götürülərək geri qaytarılmadığına görə mübahisə məhkəmədə həll edilib, tələb hazırda MMC-nin həmin ünvanda yerləşən bütün əmlakına yönəldilib, satılaraq kredit və kreditə hesablanmış borc ödənilməlidir, lakin icra işi tam dayandırılıb. Belə ki, “Master Milk” MMC-nin (AER QRUP COMPANY” MMC, “AER” fırması) rəhbərliyi dələduzluğu davam edirərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məktubunu alaraq, guya Konstitusiya Məhkəməsində iş getdiyinə görə icra işinin dayandırılmasına nail olub. Bununla da dövlətə məxsus əmlakın talan edilməsinə şərait yaradılıb. Məlumatlarımıza görə borclu – “Master Milk”MMC-nin M.Hadi küçəsi 21 ünvanında yerləşən avadanlığı (müsadirə üçün icraya yönəldilmiş çox qiymətli avadanlıq) gizlicə sökülüb satılaraq özgəninkiləşdirilir. Əmlak gizli şəkildə sökülüb satıldığına görə məhkəmə qərarının da icrası mümkün olmayacaq.
Odur ki, göstərilənlərə əsasən müvafiq göstərişlər verməklə məhkəmə qərarının icra edilməsinin təmin olunmasını xahiş edirik”.
Şikayətçilər nazirə Sumqayıt Apellyasiya Məhkəməsinin 19.04.2022 tarixli icra vərəqəsinin və Şirvan Kommersiya Məhkəməsinin 17.04.2024 tarixli xüsusi qərardadının surətlərini də yollayıblar.
İcra vərəqəsinə görə, cavabdeh “AER Company Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manat ilə, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat iddiaçı ləğv prosesində olan “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun.
Tələb – Şərifov Adil Ramazan oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “AER Company Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) likvid dəyəri 4.500.000 (dörd milyon beş yüz min) manat, Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığının likvid dəyəri 650.000 (altı yüz əlli min) manat müəyyən edilsin. Qeyd olunan əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) satıldıqdan sonra Şərifov Adil Ramazan oğlu tərəfindən 1 ay ərzində tərk edilməzsə, həmin qeyri-yaşayış sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 315 (üç yüz on beş) manat cavabdeh “AER Company Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com