Mərkəz sədri: “Sülhməramlı kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”

0
181

“Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”.

Bu sözləri açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, aksiya iştirakçısı Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, Azərbaycanın haqlı, obyektiv çağırışına Rusiya sülhməramlıları tərəfindən laqeyd yanaşılıb:

“Biz bu gün öz ərazimizdəyik, öz etirazımızı sivil və əliyalın şəkildə bildiririk. Ancaq təəssüflər olsun ki, Rusiya sülhməramlıları dinc insanların qarşısına ağır hərbi texnikalarla çıxıblar. 30 il ərzində Ermənistan Azərbaycan ərazilərində ekoloji terror törədiblər. Biz QHT-lər olaraq bu məsələnin beynəlxalq təşkilatların müzakirəsinə çıxarılması ilə bağlı bəyanat üzərində işləyirik.

Hesab edirəm ki, məsələ beynəlxalq ictimaiyyətin gündəminə gətirilməlidir. Rusiya sülhməramlıları sanki ermənilərə yardımçı və dəstəkçi missiyasını göstərirlər. Onlar mandatına uyğun fəaliyyət göstərmirlər. Biz Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik. Əks təqdirdə, bizim aksiyalarımız davam edəcək”.