Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin iclasında kifayət qədər ciddi məsələ ilə bağlı təklif irəli sürdü. Millət vəkilinin Azərbaycan dövlətinin adının dəyişdirilməsi, Şimali Azərbaycan adlandırılması təklifi çoxlarının ürəyincə olsa da, bəzi siyasilər tərəfindən birmənalı qarşılanmadı, eyni zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Budəfəki müsahibəmizdə öncə bu mövzudan danışdıq, eyni zamanda Naxçıvan Muxtar Respublikasında cərəyan edən hadisələrə millət vəkilinin münasibətini öyrəndik.
Qüdrət bəy, necə hesab edirsiniz, hətta Qarabağın Azərbaycan ərazisi olduğunu həzm edə bilməyən, həmçinin 40 ilə yaxındır Şimali Kiprin varlığını qəbul etməyən dünya gücləri Şimali Azərbaycan faktorunu qəbul edərlərmi? Necə deyərlər, şər deməsən, xeyir gəlməz. Biz referendum keçirib dövlətimizin adını dəyişdik, amma ədalətsiz dünya qəbul etmədi onda? Bu təhlükəni real sayırsınızmı? – Mən bunu qətiyyən təhlükə saymıram. Əslində, hazırda dünya güclərinin İrana olan münasibəti onu deməyə əsas verir ki, heç bir problemsiz Azərbaycan dövlətinin adını dəyişə bilərik. Buna etiraz edə bilən bir ölkə ola bilər, o da İran. 1918-ci ildə də Azərbaycan adına etiraz edib. Amma o vaxt dövlətimizi quran babalarımız bu işin öhdəsindən gəliblər, Azərbaycan adında dövlət qurublar. – Amma şimallı-cənublu Azərbaycanın olduğunu bildikləri halda, məhz Azərbaycan adını seçmişdilər, Şimali Azərbaycanı yox… – Sözsüz ki, o dövrdə şərtlər indikindən çox ağır idi. Biz bunu çox asanlıqla 1991-ci ildə, Azərbaycan müstəqilliyini bərpa edəndə. Amma o dövrdə də Moskvaya bağlı Mütəllibovun hakimiyyəti var idi, bütün tapşırıqlar Kremldən alınırdı. O ərəfədə də təəssüf ki, bu addım atılmadı. Düşünürəm ki, AXC hakimiyyətə gələndən sonra bunu etməli idi. Amma açığı, bu şansı buraxdıq. – Hətta Əbülfəz Elçibəy də bu ideyaya etiraz edib, baxmayaraq ki, İrana qarşı çox kəskin mövqedəydi… – O da çətinlikləri nəzərə alaraq, münasibətləri gərginləşdirəcək addımdan çəkinib. Amma yenə deyirəm, gözləyəsən ki, hamı sənin fikrini bəyənsin, atacağın addımı alqışlasın, dünyada belə bir şey yoxdur, heç mümkün də deyil. Öz dövlətinin maraqları üçün müəyyən addımları atmalısan. İran özü də Qərbi və Şərqi Azərbaycana bölüb Cənubi Azərbaycan ərazilərini. Yəni bu adlar var. O baxımdan düşünmürəm ki, burda problem olacaqdı. Biz hakimiyyətdə olanda təcrübəsizlikdən və bir az da cəsarətsizlikdən çox böyük səhvlərə yol vermişik. Siyasi təcrübənin olmaması öz sözünü dedi və bundan həm siyasətçilərin özləri, həm Azərbaycan əziyyət çəkdi. Məsələn, ölkənin parlamentli respublika modelinə keçirilməməsi…Mən bu yaxınlarda İsa bəyin çıxışına qulaq asdım. Deyir biz ona görə ölkənin adını dəyişmədik ki, Müstəqillik Aktında Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu yazmışdıq. Xalq Cümhuriyyətinin varisiydisə, Xalq Cümhuriyyəti parlamentli respublika idi, onda gərək o varisliyi də qəbul edəydiniz də. Amma görürsünüz, qəbul etmədiniz. Yəni hakimiyyətə gələn istənilən siyasi qüvvə çox təəssüf ki, daha çox hakimiyyət istəyir, reallıq bundan ibarətdir. Həm də hakimiyyətdə olan qüvvə əlavə gərginlik yaşamasını istəmir. O zaman da müəyyən gərginlik ola bilərdi. Amma mənim yanaşmam bundan ibarətdir ki, bu addım atılmalıdır. Hətta o dövrdə İsa Qəmbər Şimali Azərbaycan Demokratik Respublikası yaratmaq istəyirdi, təşəbbüs var idi. Düzdür, sonradan o ideyadan imtina olundu. Biz isə bunu öz partiyamızın platformasına salmışıq. Prezident seçkilərində də bu məsələni gündəmə gətirmişdik: həm ölkənin adının dəyişdirilməsi, həm də parlamentli respublika modelinə keçilməsinini. Bu, bizim seçki platformamızdır.
Görünən budur ki, dünya güclərinin İranla bağlı sanksiya oyunbazlığı mövcuddur. İraq, Suriya və Rusiyanın parçalanmasına razı olmayanların bu vəziyyətdə İranın parçalanması, yaxud bölüşdürülməsi planını masaya qoyduğunu güman edirsinizmi? Bu güclər Bütöv Azərbaycanın yaranmasına razı olarmı? – Əlbəttə, Qərb 1991-ci ildə də, SSRİ çökəndə də istəsəydi, Rusiyanı parçalaya bilərdi. Sadəcə yeni dövlətlərin yaranmasından qorxurdu. Ona görə ki, istər-istəməz sərhəd problemləri ortaya çıxacaqdı, qarşıdurmalar yaranacaqdı, lokal toqquşmalar, qanlı hadisələr baş verəcəkdi. Odur ki, Qərb Rusiyanın bütövlüyünün qorunub-saxlanması üçün böyük işlər gördü, hətta Dudayevin öldürülməsindən tutmuş, Çeçenistandakı azadlıq hərəkatının boğulmasına qədər Qərbin rolunun olduğu söylənilir, kifayət qədər əsaslandırılmış ittihamlar irəli sürülür. İndi əlbəttə ki, İran regionda böyük dövlətdir, burada da yeni dövlətlərin yaranmasından böyük güclər, bir növ dünyadakı sabitliyə məsuliyyət daşımalı olan ölkələr müəyyən mənada qorxurlar, bu, başadüşüləndir. Amma yenə deyirəm, burada söhbət hansısa etnik qrupdan, 100-150 min nəfərlik kiçik xalqlardan getmir. Burada 35-40 milyonluq, həm də 200 il əvvəl parçalanmış böyük bir xalqdan söhbət gedir. Ukraynanın 44 milyon əhalisi var, onun da on milyonunun ruslardan olduğu bildirilir. Yəni əhali sayı baxımından biz Ukraynadan da böyüyük. Ona görə də xalq öz sözünü deməlidir. Şəxsən mən İranın taleyi məsələsinin oradakı xalqların, o cümlədən də Cənubi azərbaycanlıların öz ixtiyarına buraxılmasının tərəfdarıyam. – Cənubluların mövqeyi sizə bəllidirmi? – Orda da fikirlər bölünür. Mən cənublularla söhbət eləmişəm. Bir hissəsi deyir ki, İran türk dövləti olub, biz orda hakimiyyəti götürməli, türk dilini rəsmi dövlət dili elan etməliyik. Hesab edirlər ki, farslar bizimlə birgə yaşamaq istəməyəcəksə, gələcəkdə öz dövlətlərini qurmaq istəyəcəksə, biz daha demokratik təfəkkürlü xalq olaraq onlara o şansı tanıya bilərik. İstəməsələr də, bizim dövlətin tərkibində yaşasınlar. Amma belə qəbul edirlər ki, İran türk dövlətidir. Digər qisim deyir ki, bunu zamanın öhdəsinə buraxmaq, indiki mərhələdə ən azı muxtariyyətə nail olmaq lazımdır. Yəni muxtariyyət statusu olsun ki, insanlar dövlət idarəetməsini mənimsəsin. Özgüvən yaransın, siyasi partiyalar yaransın, formalaşsın, həm də idarəetməni qavrasınlar. Bir növ, növbəti mərhələ üçün hazırlıq işləri görülsün. Bu gün bizim əsas işimiz o olmalıdır: dünyada elə kiçik dövlət, xalq olmamalıdır ki, Azərbaycanın parçalanmış xalq olduğunu bilməsin. Onu da dünya birliyinə çatdırmağın bir yolu dediyim kimi, dövlətin adının dəyişdirilməsidir. Necə ki, bu gün Şimali Makedoniya, Koreya və sair var. Biz bu addımı atırıq ki, cənubdakı milli haqlar tanınmalıdır, insanlar ana dilində təhsil almalıdırlar, onların maraqlarını qoruyan siyasi partiyalar olmalıdır, QHT-lər, azad mətbuat, TV-lər yaranmalıdır. Siz biabırçılığa baxın ki, hətta İranın bizim əleyhimizə yayımlanan “Səhər” telekanalı İranın öz ərazisində yayımlanmır, ancaq Azərbaycan ərazisində yayımlanır. Görün dilə nə qədər məhdudiyyət var, hətta Azərbaycan əleyhinə olan verilişi belə, İran ərazisində yaymır. Mən hətta bir dəfə dedim eybi yox, bizi söysünlər, amma Təbrizdəki azərbaycanlı görsün ki, onun dilində İran televiziya açıb və həmin TV-dən Azərbaycan türkcəsini eşitsin. Biz bu gün güneylilərin hüquqları uğrunda mübarizə aparmalıyıq, insan haqları heç bir dövlətin daxili işi deyil. Ona görə Azərbaycan Prezidenti də ADA-da dedi ki, insan haqları heç bir dövlətin daxili işi deyil və biz azərbaycanlıların hüquqları uğrunda mübarizə aparmalıyıq.
Referendumla bağlı məlumatlar vaxtaşırı gündəmə gəlir. Sizdə referendumla bağlı məlumat var, yoxsa bu, sadəcə gözləntidir? – Mən uzun müddətdir söyləyirəm ki, Azərbaycanda Konstitusiya islahatlarına ehtiyac var. Xüsusilə də 44 günlük müharibədəki qələbəmizdən sonra Azərbaycanda belə bir islahatların keçirilməsi olduqca zəruridir. Nəyə görə xüsusi ehtiyacın olduğunu deyirik? Birincisi, düşünürük ki, doğrudan da Azərbaycanda demokratiyanı irəli aparmaq, qanunun aliliyinin təmin olunması üçün ölkədə güclü, çoxpartiyalı sistem yaranmalıdır, bunun da yolu parlamentli respublikadan keçir. Əks halda, bunu həyata keçirmək çox çətin olacaq. Nəzərə alsaq ki, insanlarda bəşəri dəyərlər hələ də oturuşmayıb, həyat tərzinə çevrilməyib, ənənə halını almayıb, ona görə də bu, uzun zaman alacaq. Bu məsafəni qısaltmağın tək yolu – Gürcüstan da, Ermənistan da bunu keçdi – parlamentli respublika modelidir. İkincisi, bu halda parlamentin cəmiyyətdə rolu artacaq. Baxın, ölkədə nə qədər korrupsiyaya qarşı səs-küylü əməliyyatlar həyata keçirilir, amma bu, korrupsiyanın səviyyəsini aşağı salırmı? Təəssüf ki, yox. Ona görə ki, o mexanizmlər, hökumətə ciddi parlament nəzarəti, güclü məhkəmə hakimiyyəti yoxdur. Bunun da yolu dediyim kimi, konstitusion islahatlardan keçir və buna çox böyük ehtiyac var. Amma hökumət buna gedəcək, getməyəcək, deyə bilmərəm. – Naxçıvandakı həbslər dalğası sizcə, haraya və kimə qədər davam edəcək? – Mən deyə bilmərəm hara qədər davam edəcək. Bu, Prezidentin və istintaq orqanının iradəsindən asılı olan bir məsələdir. Amma mən onu bilirəm ki, ekspertlər milyardlarla vəsaitin mənimsənildiyi barədə danışırlar. Naxçıvana bələd insanlar orda “çirkli pullar”ın yuyulması, qaçaqmalçılıq, vergi və rüsumları ödəməkdən yayınma və sair və ilaxır. Bütün bunlar hamısı birlikdə milyardlarla vəsaitdən gedir və orda ağır cinayətlər baş verib. Həmin vəsaitlər dövlət büdcəsinə qaytarılmalıdır. Bu gün Qarabağı bərpa edirik. Azərbaycanın o pullara ehtiyacı var. Çalışmaq lazımdır ki, o pullar Azərbaycana qaytarılsın və ədalət mühakiməsi sona qədər həyata keçirilsin. Həmçinin Naxçıvanda insanlara iqtisadi azadlıqlar verilməlidir. Yəni həbslərin davamı olaraq, bir şəxsin başqa bir şəxsi əvəz etməsi yox, doğrudan da ora azadlıqlar lazımdır. Bir dəfə rəhmətlik Heydər Əliyev demişdi ki, açın prokurorluğun qapı-pəncərələrini, ora hava girsin! İndi Naxçıvanın qapı-pəncərələri açılmalıdır. Ora izolyasiya olunub. Naxçıvanda azad iqtisadi zona yaradılması məsələsi gündəmdəydi və mən də bunu parlamentdə səsləndirmişdim. Sonra ordan mənə Vasif Talıbovun ciddi narazılığını çatdırdılar ki, sən niyə bu məsələni qaldırmısan. Naxçıvan İran və Türkiyə ilə həmsərhəddir. Müstəqilliyimizin ilk illərində mən İğdıra getmişdim, o zaman bu bölgə iqtisadi cəhətdən çox geridə qalmışdı. İndi İğdır müasir bir şəhər olub. Yaxud İran Culfası dağılıb gedirdi. Amma indi bu tərəfdən
baxırsan, Arazın o biri tayında az qala yeni bir şəhər salınıb, hündürmərtəbəli binalar və sair. Naxçıvanda cəmi 4-5 hündürmərtəbəli bina tikiblər. Bir regionun inkişafını onunla müəyyənləşdirmirlər ki, oraya qaz çəkilib, yaxud onun elektrik enerjisi var. Bu işlərin hamısı Azərbaycanın ayırdığı dotasiya hesabına görülüb. Orada yerli hökumətin heç bir xidməti yoxdur. Bu gün Naxçıvanda hər ucqar kənddə evi qızdırmaq üçün qazdan istifadə edə bilmirlər. Çünki onun pulunu verə bilmirlər, odun yandırırlar. Təsəvvür edin, kənddə qaz ola, amma sən gedib o soyuqda – Naxçıvanda bəzən 16 dərəcə, daha çox şaxta olur – gedib çöldən odun daşıyasan, yandırıb evi qızdırasan. Qısası, Naxçıvanın durumu belədir. Hesab edirəm ki, bu addımların davamı olaraq Naxçıvanda insanların vəziyyəti dəyişməlidir. Naxçıvanda biznes mühiti yaradılmalıdır. Sizə bir misal deyim. Bir dəfə mənim qardaşımın qaynı Culfada kiçik müəssisə açmaq istəyirdi. Gedib vergi şöbəsinə, deyiblər ki, yox, biz icazə verə bilmərik, get Naxçıvan Vergilər Nazirliyinə. Gəlib Naxçıvan Vergilər Nazirliyinə. Soruşublar ora nə ilə məşğul olacaqsan? Deyib bizneslə, Naxçıvana müxtəlif mallar gətirəcəyəm, qazancım yaxşı olacaqsa, istehsalını təşkil edəcəyəm. Bildiriblər ki, yox, olmaz. Sonra Culfadan bunlara deyiblər ki, bu, millət vəkili Qüdrət Həsənquliyevin qardaşının qaynıdır. Belə olduqda Naxçıvanda deyiblər ki, qoy onda Qüdrət müəllim zəng eləsin, Vasif müəllimə desin. Burda necə inkişaf ola bilər, biz özünüz fikirləşin?! Qardaşım da mənə zəng elədi, mən də dedim ki, ona de, tez otursun təyyarəyə, uçsun gəlsin bura. Yəni hətta onun qeydiyyatı üçün Vasif Talıbovun icazəsi lazımdırsa, bu, orda hansı biznes qurub uğur qazana bilər? Reallıq belədir. – Reallıq dəyişəcəkmi qarşıdakı dönəmdə? – Bu həbslərin sonu olaraq əgər vəziyyət dəyişməyəcəksə, camaatın inamı daha da qırılacaq. Hakimiyyətin Şuşanı fəth elədiyi kimi, indi şans yaranıb ki, naxçıvanlıların da qəlbini fəth eləsin. Ona görə də burda müəyyən addımlar atmaq lazımdır. – Belə fikirlər var ki, Vasif Talıbov Bakıya dəvət olunub, amma gəlməkdən imtina edib. Digər iddialar da var…
Tam məlumatsızam. Amma düşünürəm ki, ölkə rəhbərliyi Naxçıvanda baş verənlərdən kifayət qədər məlumatlıdır. Sadəcə olaraq Prezident kifayət qədər səbirlidir. Görünür orda müəyyən addımların atılması üçün daha əlverişli bir zamanın yetişməsini səbirlə gözləyirmiş. Həm də psixoloji məsələlər də var. Vaxtilə Vasif Talıbov Heydər Əliyevin yanında olub. Amma mən vaxtilə də demişəm, zamanında Heydər Əliyevin yanında olmuş bir çox insanlar fəxrlə vurğulayırlar ki, biz Heydər Əliyevi hakimiyyətə gətirdik. Mənsə onlara deyirəm ki, Heydər Əliyev sizi hakimiyyətə gətirib. Heydər Əliyev Bakıya dəvət olunanda sizə görə dəvət olunmayıb ki, yanında sizlər varsınız. Heydər Əliyev özü bir şəxsiyyət kimi, təcrübəli bir dövlət adamı kimi dəvət olunub, siz də onun ətəyindən yapışıb gəlmisiniz, bəzən hətta layiq olmadığınız halda, müxtəlif dövlət vəzifələrinə təyin olunmusunuz və etdiklərinizin əvəzini milyon dəfələrlə artıq görmüsünüz. Ona görə də onların heç birinin İlham Əliyevə minnət qoymağa imkanları yoxdur. Nə də onlar mənəvi baxımdan Prezidentə hücum etmək iqtidarında deyil. Belə edəcəkləri təqdirdə, onlar daha da ifşa olunacaqlar. Mənim bildiyimə görə, hətta vaxtilə bu söhbətlər Heydər Əliyevin özünə də çatıb və qapalı iclasların birində rəhmətlik deyib ki, mənim qulağıma belə söhbətlər çatır ki, guya siz məni hakimiyyətə gətirmisiniz. Açıq söyləyib ki, axı, siz məni hakimiyyətə gətirməmisiniz, mən sizi hakimiyyətə gətirmişəm. Siz mənim başıma yığışıb, mənimlə birlikdə hakimiyyətə gəlmisiniz. Əlbəttə, mən o adamların xidmətlərinin üstündən xətt də çəkmirəm, qətiyyən belə bir fikrim yoxdur. Vaxtilə Heydər Əliyevlə birgə Gəncəyə getdilər, həyatlarını riskə qoydular, görün neçə qiyam riski oldu və sair. Yəni o adamların xidmətləri də danılmazdır. Amma gərək insanlar öz xidmətlərini olduğundan artıq şişirtməsinlər.