Məmmədyarov: Nəticəsi olmayan hər bir görüş itirilmiş fürsətdir

0
472

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə Vaşinqtonda keçirdiyi görüşün nəticələrinə dair sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

-Cənab nazir, Vaşinqtonda ermənistanlı həmkarınızla ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünüz baş tutdu. Bu görüşün nəticələrini ümumilikdə necə qiymətləndirərdiniz?

– Hər zaman qeyd etmişəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzə aparılan danışıqlar prosesində keçirilən hər bir görüş, ilk növbədə, prosesin irəli aparılması baxımından nəzərdən keçirilir. Görüşlər yalnız görüşlər keçirmək naminə deyil, konkret nəticələrə hədəflənməlidir. Bu baxımdan, biz substantiv danışıqların tərəfdarı olduğumuzu dəfələrlə bəyan etmişik. Fikir versəniz, həmsədrlərin verdiyi sonuncu bəyanatlarda da substantiv danışıqların aparılması məsələsinə xüsusi diqqət verilir. Çünki məlum məsələdir ki, əgər məqsəd adından da göründüyü kimi, həlli uzadılmış münaqişəni həll etməkdirsə, burada nəticəyə yönəlik addımlar atılmalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Təəssüf ki, bu dediklərim Vaşinqton görüşünün nəticəsi kimi təqdim edilə bilməz. Bu görüş daha çox bundan öncəki Paris və Moskva görüşlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri ətrafında müzakirələr kimi xarakterizə edilə bilər. Əlbəttə, müzakirələr hər zaman faydalıdır, lakin onu da vurğulamaq istərdim ki, nəticə olmayanda, hətta faydalı müzakirələrin belə labüdlüyü sual doğura bilir. Ümumilikdə, Vaşinqtonda görüş faydalı oldu, lakin o, bir daha göstərdi ki, əgər biz münaqişənin diplomatik yollarla həllinə nail olmaq niyyətimizdə səmimiyiksə, o zaman danışıqlar prosesinin hazırkı mərhələsində və bundan sonra konkret nəticələrə yönəlik addımlardan boyun qaçırmaq çətin olacaq, hətta mümkün olmayacaq.

-Görüşdən sonra verilən açıqlamalarda qeyd edildi ki, həmsədrlər hər iki tərəfin diqqətinə təkliflər təqdim ediblər. Bu barədə daha ətraflı nə deyə bilərsiniz?

-Burada, ilk növbədə, nəzərə almaq lazımdır ki, münaqişənin həlli çərçivəsində bu günədək müzakirə olunan bütün sənədlərin ən mühüm elementləri sırasına Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması daxildir. Məntiqidir ki, münaqişənin səbəbini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsi təşkil edirsə və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxması tələb olunursa, nəticə olaraq, hərbi işğal amili aradan qaldırılmalıdır ki, bölgədə sülh və təhlükəsizliyin, rifahın təmin olunmasından danışaq.

Vaşinqton görüşündə həmsədrlərin təqdim etdiyi təkliflərə gəldikdə, burada bundan öncəki görüşlərin bəyanatlarında əks olunduğu kimi, humanitar və təhlükəsizlik sahəsində konkret təşəbbüslərin reallaşdırılması, eləcə də hazırda bölgədə mövcud olan vəziyyətin dəyərləndirilməsi baxımından maraqlı təşəbbüslər var. Ən önəmlisi odur ki, bu təşəbbüslərin reallaşdırılması və münaqişənin həlli istiqamətində nəticəyə yönəlik addımlar atmaq üçün siyasi iradə nümayiş etdirilsin.

-Cənab nazir, Vaşinqton görüşü ərəfəsində cəbhə bölgəsində gərginlik artdı. Erməni silahlı qüvvələri təxribatlar törətdilər, müdafiə naziri əsassız bəyanat və hərəkətləri ilə diqqəti çəkdi. Erməni həmkarınız Vaşinqton görüşündən sonra gərginliyin artdığı bir mühitdə danışıqların aparılmasının mürəkkəbliyini qeyd edib və bunun danışıqlar prosesinə mənfi təsir etdiyini söyləyib. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

-Doğrudur, Vaşinqton görüşü öncəsi təmas xəttində gərginlik yüksək idi və Ermənistan müdafiə nazirinin bəyanatları bu gərginliyin niyyətini aşkar edirdi. O da doğrudur ki, cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir. Lakin qeyd etmək istərdim ki, cəbhə bölgəsindəki gərginliklə müzakirələrin aparılmasının qeyri-mümkünlüyü fikri ilə razı deyiləm. Xatırladım ki, istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan sənədi və ya “Lavrov planı” adlandırılan sənəd olsun, bu sənədlərin hamısı üzrə danışıqlar aparılarkən cəbhə bölgəsində heç də tam sakitlik hökm sürmürdü, biz gərginlik olduğu müddətdə belə danışıqlara, sənədlər üzərində işləməyə davam etmişik. Yəni, bu iki məsələni bir-biri ilə süni şəkildə əlaqələndirmək doğru deyil. Əsas məsələ, bir daha təkrar edirəm, siyasi iradə nümayiş etdirmək və danışıqları cəbhə bölgəsindəki vəziyyətin girovuna çevirməməkdir.

-Ermənistan tərəfi danışıqlara qondarma separatçı rejimin cəlb edilməsi məsələsini davamlı olaraq gündəmə gətirir. Əlbəttə, Azərbaycan tərəfinin bu məsələdə mövqeyi aydındır, lakin Ermənistan xarici işlər nazirinin Vaşinqton görüşündən sonra bu mövzunu təkrarən səsləndirdiyini nəzərə alaraq, sizin bu xüsusda şərhinizi eşitmək istərdik.

-Mövqeyimiz bəllidir, danışıqların iki birbaşa iştirakçısı var: Ermənistan və Azərbaycan. Səbəbi də bəllidir, bu gün Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq tanınmış ərazilərində qanunsuz mövcudluğunu davam etdirir, bu, hərbi işğaldır. Hərbi işğalın qurbanları sırasında Dağlıq Qarabağda yaşayan və etnik təmizləməyə məruz qalan yüz minlərlə insan, daxili məcburi köçkünlər var. Ermənistanın hər hansı rəsmisi Dağlıq Qarabağ əhalisindən danışırsa, unutmamalıdır ki, bu əhalinin tərkibinə erməni icması ilə yanaşı, azərbaycanlı icma da daxildir. Bir bölgədə etnik təmizləmə həyata keçirib, insanları yaşadıqları evlərindən zor gücünə qovub, sonra da “xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipindən danışmaqla erməni tərəfi bunu hansı etik və hüquqi çərçivəyə sığdırmağa çalışır? Dağlıq Qarabağın hər iki icması münaqişənin həllində maraqlı tərəflərdir və danışıqların müvafiq mərhələsində onların da danışıqlara cəlb edilməsi məsələsi danışıqların əsas iştirakçıları tərəfindən nəzərdən keçirilə bilər. İndiki mərhələdə bunu davamlı gündəmə gətirmək isə substantiv danışıqlardan boyun qaçırmaq və müəyyən bəhanələr axtarmağa bənzəyir. Əks təqdirdə, əgər Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı separatçı rejim adından danışa bilmirsə, o zaman Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində nə işi var?

Vaşinqton görüşündə nazirlərin yaxın aylarda yeni görüşünün keçirilməsinin razılaşdırıldığı bəyan edildi. Sizcə qarşıdan gələn görüşdən konkret nəticə gözləmək olarmı?

-Hər bir görüşdə nəticənin əldə edilməsinə çalışmalıyıq, ən azından Azərbaycan tərəfi bunu istəyir və danışıqlar prosesinin irəli aparılmasında qətiyyətlidir. Nəticəsi olmayan hər bir görüş itirilmiş fürsətdir. Təəssüflə qeyd edim ki, bu illər ərzində çox fürsətlər itirilib. Səbəbini soruşsanız, məncə, bu dar çərçivədə düşünmək, uzaqgörən olmamaq, öz ölkəsinin və bölgənin gələcəyini və rifahını düşünməmək və müstəqil qərar vermək iqtidarında olmamaqla əlaqəli olub. Münaqişənin beynəlxalq hüquq müstəvisində tez bir zamanda həll edilməsi qısa müddətdə bölgəmizə çoxdan gözlənilən sülh, sabitlik, dayanıqlı inkişaf və rifahı gətirəcəkdir.

Azərbaycan tərəfi bütün bu reallıqları anlayır, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işləyir. Beynəlxalq ictimaiyyət BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində müvafiq qərar və qətnamələr qəbul etməklə bizim mövqeyimizlə həmrəydir. Ermənistan rəhbərliyi nə qədər tez siyasi iradəsini əməli olaraq nümayiş etdirməyə və münaqişənin həlli üzrə çoxdan gözlənilən nəticələrin əldə olunması məqsədilə substantiv danışıqların irəli aparılması istiqamətində konkret addımlar atmağa qadir olarsa, biz bir o qədər tez bölgənin təhlükəsiz və sabit inkişafı yoluna çıxa bilərik.