Məktəblərdə 4 fənn yeni məzmunda tədris olunacaq

0
76

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin müəyyən sinifləri üçün 67 adda dərslik yenidən hazırlanıb və ya təkmilləşdirilib.

Bunu jurnalistlərə müsahibəsində Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Seyidova deyib. O bildirib ki, bunlardan VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya dərslikləri Sinqapurun dərslik sahəsində mütəxəssislərinin köməyilə hazırlanıb.

Günel Seyidova həmin dərsliklərdə digər qabaqcıl təhsil institutlarının tətbiq etdiyi öyrənmə üsullarından istifadə olunduğunu söyləyib.

“Sözügedən dərsliklərdə yeni yanaşmalardan, yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir. Bu dərsliklər 2023-2024-cü tədris ilində seçilmiş pilot siniflərdə sınaqdan uğurla keçib. Həmin dərsliklər əsasında tədris aparan müəllimlər üçün daha əvvəl müvafiq təlim keçirilib. Yeni dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanıb. Terminlər şagirdlərin yaş səviyyəsinə uyğun təqdim olunub. Əlavə nəzəri biliklərdən çox istifadə edilməyib, mövzular şagirdlərin yeni biliklərini necə istifadə etməsini, bacarıqlarının formalaşmasını hədəfləyib. Hazırda V sinif riyaziyyat və Azərbaycan dili dərslikləri də yenilənib. V sinif Azərbaycan tarixi, IX sinif Azərbaycan tarixi, IX sinif ümumi tarix dərslikləri yenilənib. V sinif ingilis dili dərsliyi Kembric Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Əlavə olaraq bu dərsliklər ikihissəli hazırlanıb. Bu şagirdlərin çantalarının yüngül olması üçün müəyyən edilib”, – deyə o qeyd edib.