Məhvə gedən ailə DƏYƏRİMİZ – Hansı dərəcəyə çatmalıyıq ki, doğmamızı ÖLDÜRƏ bilək?

0
234

Ailə – bu ifadə özündə çox böyük məfhumu birləşdirir. Mənəvi-emossional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ancaq ailə dəyərlərimiz, ailə institutumuz artıq əvvəlki kimi möhkəm və sağlam deyil. Son zamanlar “oğul atasını bıçaqladı”, “qız atasını balta ilə doğradı” xəbərləri ilə tez-tez rastlaşırıq.

Bəs ailə dəyərlərimiz niyə məhv olur? İnsan hansı dərəcəyə çatmalıdır ki, ailə üzvünü öldürə bilsin?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, təəssüf ki, bu problemlər artmaqda davam edir:

“Hələ Covid-19 pandemiyasının ilkin mərhələsi zamanı Beynəlxalq Psixoterapiya Assosiasiyası tərəfindən bildirildi ki, artıq insanların psixikasında böyük dəyişikliklər olacaq. Əsas məsələ odur ki, ailələr vaxtında gəlib həkim-psixoterapevtə müraciət etməlidirlər. Çünki problem bir günə yaranmır, kimsə bir günə adam öldürmür.

Problem artıqca artır, nəticədə isə cinayət hadisəsi olur. Bu kimi ailələr cahil olduqları üçün psixoloqa müraciət etməyi özlərinə ayıb bilirlər. Bəs, adam öldürdükdə ayıb olmur? Cəmiyyətin bütün problemlərinin kökündə cəhalət dayanır. Artıq insanlar ayılmalı, gözünü açmalı, inkişaf etmiş ölkələrdən nümunə götürməlidirlər, yəni psixoterapevt rəyi çox önəmlidir. Seanslar zamanı neçə-neçə ailələrin bu kimi problemlərini həll edirik”.