“Mədəniyyət sahəsində çalışan insanların əməkhaqqının artırılmasını çox yüksək qiymətləndirirəm”

0
554
imgMədəniyyət sahəsi hər zaman dövlətin diqqət mərkəzində olub. Bütün dövrlərdə mədəniyyət işçilərinin sosial rifah halının yüksəldilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılıb. Bura mədəniyyət sahəsində çalışanlara dövlət tərəfindən müxtəlif mükafatların, təqaüdlərin, mənzillərin verilməsi, onların əməkhaqlarının artırılması və s. daxildir.

Prezident İlham Əliyev xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində onlarla fərman və sərəncamlar imzalayıb və bu sərəncamlar mədəniyyət işçilərinə də şamil edilib. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncam mədəniyyət işçilərini də əhatə edir. Sözsüz ki, bu Prezidentin mədəniyyət işçilərinin rifahının yüksədilməsinə yönələn siyasətinin növbəti təzahürüdür.

Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamı mədəniyyət sahəsində çalışan 40 min nəfərdən çox vətəndaşı əhatə edəcək. Bu da öz növbəsində ölkəmizdə vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılması sahəsində dövlət tərəfindən atılan daha bir uğurlu addımdır.

  • Aydın xan Əbilov: “Bu sərəncamın 40 min nəfərdən artıq mədəniyyət işçisini əhatə etməsi olduqca müsbət faktordur”

Yeni Yazarlar və Sənətçilər qurumunun rəhbəri, İNK-nın baş katibi, yazıçı-kultroloq Aydın Xan Əbilov baki-xeber.com-a mövzunu şərh edərkən bildirdi ki, ölkə başçısının həyata keçirdiyi sosial siyasətin mədəniyyət işçilərini də əhatə etməsi çox mühüm haldır. A.X.Əbilovun sözlərinə görə, mühüm sahələrdən biri olan mədəniyyət sahəsində çalışan işçilərin əməkhaqqının qalxması onların fəaliyyətinə müsbət təsir göstərəcək.

“Azərbaycanda 2019-cu ildə çox ciddi sosial-iqtisadi islahatlar aparılıb ki, bu da əhalinin rifahının yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyev bundan əvvəl də bir sıra sosial yönümlü fərman və sərəncamlar imzalayıb. Ölkə başçısının minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncam müxtəlif sahənin təmsilçiləri ilə yanaşı elm, təhsil, mədəniyyət işçilərinə də şamil olunub. Kitabxanaçıların, muzey işçilərinin, qoruq əməkdaşlarının, eləcə də mədəniyyətin digər sahələrində işləyən insanların əməkhaqqının artırılması əlbəttə çox yüksək qiymətləndirilir. Bu sərəncamın 40 min nəfərdən artıq mədəniyyət işçisini əhatə etməsi olduqca müsbət faktordur. Bilirsiz ki, biz əvvəllər müxtəlif mədəniyyət ocaqlarında çalışan insanların, kitabxanaçıların, muzey işçilərinin və digərlərinin əməkhaqlarının aşağı olmasını dəfələrlə gündəmə gətirib müzakirə etmişik. Həqiqətən də onların maaşları çox az idi və bu da sözsüz ki, onların göstərdiyi xidmətin keyfiyyətinin aşağı olmasına səbəb olurdu. Əməkhaqqı aşağı olanda insanın işinə münasibəti də bir qədər soyuq olur. Əməkhaqqını yalnız yeməyə xərcləmirik, insanın başqa zəruri tələbatları da var ki, onların həll edilməsi üçün vəsait tələb olunur. Evində maddi cəhətdən sıxıntısı olan insan təbii ki, öz işinə can yandıra bilməz. Bu baxımdan, Prezident İlham Əliyev çox lazımlı növbəti addımlar atdı. Bu sərəncamlar orta və yuxarı təbəqənin insanlarını deyil, daha çox sosial cəhətdən sıxıntılar çəkən sahələri əhatə edib. Mədəniyyət sahəsində çalışan insanların əməkhaqqının artırılmasını çox yüksək qiymətləndirirəm” – deyə A.X.Əbilov bildirdi.

A.X.Əbilov hesab edir ki, mədəniyyət sahəsində çalışanlara dövlətin göstərdiyi diqqət və qayğının miqyası günü–gündən artır və bu da sözügedən sahədə işləyənlərə güclü stimul verir.

İradə SARIYEVA