Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda iki yeni çimərlik yaradıldı

0
596
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın nəcib təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılması işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılır.

Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda  kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün  söhbətgahlar quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.

Vətəndaşların istirahətinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması  üçün burada xidmət personalı fəaliyyət göstərəcək.