Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinə başlamağa hazırdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda baş tutan Cənubi Qafqaz üzrə “3+3” regional platformasının XİN başçılarının toplantısının yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.
Lavrov Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı Moskva, Bakı və İrəvan arasında razılaşmanın olduğunu xatırladıb:
“Ermənistan və Azərbaycan delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə razılığa gəlmişdilər. Hansı ki, onların razılığı əsasında həmin komissiyanın tərkibində Rusiya tərəfi də məşvərətçi ölkə kimi iştirak edəcək. Təəssüflər olsun ki, uzun müddətdir ki, bu komissiya toplanmayıb”.
Rusiya XİN başçısı sərhədin delimitasiyası prosesinə Avropa İttifaqı, ABŞ tərəfindən müdaxilə cəhdlərinin olduğunu da söyləyib:
“Azərbaycan və Ermənistanın özünə faydalı hesab etdiyi hər hansı təmaslara qarşı deyilik. Lakin bütün ekspertlərə yaxşı məlumdur ki, delimitasiyanı müzakirə edib və razılaşdırmaq üçün lazım olan hər şey, ən əsası da xəritələr, hansı ki, sovetlər dönəmindən qalıb ancaq Rusiya Federasiyasındadır. Tərəfdaşlarımız bunu anlayır. Biz bundan böyük problem düzəltmirik. Tərəflərin istəkləri varsa Brüssel formatında danışıqları davam etdirsinlər. Lakin biz hər zaman delimitasiya prosesinə başlamaq üçün real kömək etməyə hazırıq”, – deyə Lavrov vurğulayıb.