Lələtəpədən Şuşaya aparan Zəfər yolu – aprel savaşından 5 il ötür

0
370

4 günlük döyüşlərin 44 günlük Vətən savaşına təsirləri indi daha qabarıq görünür…

Azərbaycan və Ermənistan arasında 2016-cı ilin aprelindəki “4 günlük müharibə”dən 5 il ötür. Aprelin 2-dən beşinədək davam edən döyüşlər Azərbaycanın tarixinə şanlı tarix kimi düşüb.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Ordumuzun aprel qələbəsindən 5 il ötür

Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.

Rəsmi məlumata görə, aprel döyüşlərində Azərbaycan Ordusunun 92 hərbçisi qəhrəmancasına döyüşərək şəhid olub. 50-yə yaxın hərbçimiz isə yaralanıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqının işğalçılıq siyasətinin iflasa uğradığının əsası qoyulub. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, aprel  döyüşləri ilə Azərbaycan ordusu öz torpaqlarını işğalçılardan təmizləmək qüdrətində olduğunu sübuta yetirmiş oldu: “Aprel döyüşləri 2020-ci ildə Vətən savaşında böyük qələbəmizin başlanğıcı idi. Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb. Ordumuz torpaqlarımızı azad etməyə tam hazır olduğunu məhz aprel döyüşlərində nümayiş etdirmişdi. Həmin döyüşlər Ermənistan ordusunda məğlubiyyət sindromu, ruh düşkünlüyü yaratmışdı. Cəmi 4 gün ərzində Azərbaycan Ordusu onlara elə bir zərbə vurdu ki, özlərinə gələ bilmədilər. Aprel döyüşlərinin nəticələri Ermənistan cəmiyyətini parçaladı, hakimiyyətə qarşı etirazlar başlandı. Azərbaycan Ordusunun zərbəsinin təsiri əli qanlı cani Serj Sərkisyanın hakimiyyətinin dayaqlarını sarsıtdı və 2018-ci ilin əvvəlində Sərkisyan hakimiyyətdən qovuldu.

Oxu.az - Aydın Hüseynov: “Vəzifə mənə həvalə edilib”

Aydın Hüseynov 

Ermənistana müəyyən kənar qüvvələrin, diasporun təsiri güclü olduğundan bu işğalçı dövlət aprel döyüşlərində aldığı zərbədən nəticə çıxarmadı. Ona görə də əslində özlərinin növbəti fəlakətlərinin əsasını qoymuş oldular. Aprel döyüşlərində sarsıdıcı zərbə almış Ermənistan ordusunun 2020-ci ildə qalib ruhlu Azərbaycan Ordusuna qarşı hücumu Ermənistan siyasi və hərbi rəhbərliyinin avantürası idi. Bu avantüra erməni ordusunun Azərbaycan Ordusu tərəfindən məhvi ilə nəticələndi. Ordumuz 2016-cı ildə cənab Prezident İlham Əliyevin komandanlığı ilə başladığı qələbəni 2020-ci ildə 44 günlük müharibədə zəfərlə başa çatdırdı. Lələtəpədən başlanan qələbə yolu Şuşada bayrağımızın ucaldılmasına qədər aparıb çıxardı”.

 Emin Həsənli

Hərbi ekspert Emin Həsənli isə bildirdi ki, 2016-cı ilin aprel döyüşləri Qarabağ savaşındakı tarixi zəfərimiz üçün müstəsna əhəmiyyətə malikdir: “Aprel döyüşləri böyük qələbənin çox mühüm bir anonsu, xəbərçisi idi. Ordumuzda özünə, gücünə inamın ən yüksək həddə çatmasında bu döyüşlər tarixi əhəmiyyətə malikdir. Müharibədə qələbə üçün Ordunun ruh yüksəkliyi, özünə inamı son dərəcə vacib amildir. Aprel döyüşləri Ermənistan ordusunda özünə inamı sarsıtdı, Azərbaycan Ordusu qarşısında duruş gətirməyin mümkün olmayacağı qorxusunu yaratdı. 2020-ci ildə 44 günlük Vətən savaşında bu amillərin çox ciddi təsiri oldu.

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirmişdi. Məhz aprel döyüşlərindən sonra Azərbaycan cəmiyyətində birmənalı olaraq əminlik yarandı ki, torpaqlarımızı hərbi yolla azad etməliyik, Ordumuz artıq buna tam hazırdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə demişdi ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir, aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır, bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Ali Baş Komandan bu sözləri elə-belə demirdi, aprel döyüşlərindəki qələbəmizə, Ordumuzun qüdrətinə əsaslanıb deyirdi. Dediklərini də həyata keçirdi”.