Ləki – Qəbələ dəmir yolu xəttinin tikintisində son vəziyyət – VİDEO

0
357

Ləki – Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Artıq tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb. Dəmir yolu xətti ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km-dir.

Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə, torpaq yatağı 90 metrlik yüksək qazma və 12 metrlik tökmələrdən keçir. Ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23,3 km dəmir yolunun üst quruluşunun tikinti-quraşdırma işləri yekunlaşıb.

Layihə üzrə yeddi körpü, bir yolötürücü, altı ədəd avtomobil alt keçidi, iki ədəd heyvan keçidi və 106 ədəd suötürücü boru olmaqla, ümumilikdə 122 ədəd süni mühəndisi qurğuları var. Altı ədəd avtomobil alt keçidinin, iki ədəd heyvan keçidinin və 103 ədəd suötürücü borunun inşası tamamlanıb.

Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi üzrə işlər davam etdirilir. Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi başa çatıb. Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri, həmçinin Hacıalı yarımstansiyasının təmiri üzrə işlər davam etdirilir.

Yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədi ilə layihədə 13.300 paqonmetr beton qanov nəzərdə tutulub. 2200 paqonmetr hissəsinin tikintisi isə tamamlanıb. Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə layihə üzrə uzunluqları 150 və 127 paqonmetr olan iki istinad divarı nəzərdə tutulub ki, onlardan 127 paqonmetr olan istinad divarının tikintisi tamamlanıb.

Lahiyəyə uyğun olaraq yeddi körpüdən ən uzun körpünün tikintisi aparılır. Qeyd edək ki, 10 kV-lıq sərbəst yan qidalandırıcı elektirik xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir. Sürət qatarının təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84,600 paqonmetr uzunluğunda metal hasarın çəkilməsi planlaşdırılır.