Ləğv prosesində olan bankların əmanətçilərinə 100,4 milyon manat kompensasiya ödənilib

0
612

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 100,4 milyon manat kompensasiya ödəyib.

Ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Qeyd olunur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.