Küçələrdə gecələyən qadın dövlət qurumuna “yox” dedi – YENİLƏNİB + VİDEO

0
306

Bakıda küçədə gecələyən ahıl qadınla bağlı Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir:

“Sözügedən şəxs barəsində Sosial Xidmətlər Agentliyinə məlumat daxil olduğu andan etibarən, əməkdaşlarımız tərəfindən onun axtarışı və ehtiyaca uyğun olaraq agentliyin aidiyyəti müəssisəsinə yerləşdirilməsi barədə proses başladı. Məlum oldu ki, haqqında danışılan qadın Ucar şəhərində qeydiyyatda olan Məlahət Əsgərzadədir. Əməkdaşlarımız Məlahət xanımla söhbət apararaq problemi və küçədə qalma səbəbi ilə maraqlanıblar. Ona ünvanlanan suallara dolğun cavablar verməsə də, məlum olub ki, qadının övladlarından biri Bakıda yaşayır. 

Məlahət Əsgərzadə əməkdaşlarımıza və əraziyə dəvət olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarına övladlarının əlaqə nömrəsini təqdim etməyə, həmçinin onlarla əlaqə qurmağa etiraz edərək, tək yaşamaq istədiyini bildirib.

Vətəndaşa hüquqları izah edilərək, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, razılığı olacağı təqdirdə onun sığınacağa yerləşdirilməsinə lazımi dəstək göstəriləcək.

Ancaq təəssüf ki, Məlahət xanım müəssisəyə getmək istəmədiyini bildirərək etiraz edib, bütün cəhdlərimizə mənfi reaksiya verib”.

17:32

Sosial şəbəkələrdə əlilliyi olan yaşlı bir qadının naməlum şəxslər tərəfindən artıq bir həftədən çoxdur ki, Nərimanov rayonu ərazisində olan evlərdən birinin qarşısına qoyulduğu barədə məlumat yayılıb. 

Ərazidə yaşayan sakinlər deyir ki, qadın 10 gündür küçədə gecələyir. Əsgərzadə Məlahət Məmmədhəsən qızı şəkər xəstəsi olduğunu, ayağının birinin işləmədiyini və müalicəyə ehtiyacı olduğunu desə də, ona yaxınlaşıb, köməklik etmək istəyən şəxsləri, ətrafda yaşayan sakinləri təhqir etməyə başladı. 

Gərgin keçən söhbət əsnasında öyrənə bildik ki, oğlu və gəlini qadınla yola getmədiyindən Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evindən bir neçə ay öncə çıxıb. İddia edir ki, Əlikram adlı oğlu onunla maraqlanmır, heç axtarmır da. Şahidi olduğumuz mənzərə, onun danışıq tərzi bizi, sözün əsl mənasında, dəhşətə gətirdi. Məlahət xanım ona uzanan yardım əllərini geri çevirir, sığınacağa yerləşmək istəmədiyini deyir. Ancaq bir tələbi var, mənzil. Qadın yaşamaq üçün ayrıca mənzil istəyir. 

Yaxınlıqda yaşayan sakinlər iddia edir ki, qadını avtomobillə naməlum şəxslər gətirib, əraziyə düşürür. Çəkiliş vaxtı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları da əraziyə yaxınlaşdı. Sahə müvəkkili Elçin Axundov bildirdi ki, qadınla dəfələrlə profilaktik danışıqlar aparılıb, müvəqqəti yaşayış üçün sığınacaqlara yerləşdirilib. Amma qadın bir neçə gün sonra sığınacaqdakıları təhqir edib və oradan ayrılaraq yenidən küçələrdə qalmağa davam edib. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Agentliyin əməkdaşları qısa zamanda qadına kömək etmək üçün əraziyə yaxınlaşdı. Qadın onların da sığınacağa yerləşmək təklifindən israrla imtina etdi.

Ətraflı süjeti təqdim edirik: