Bakı Ağır Cinayətlər Məhkəməsində Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Dədəcanov Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.
İttihamda yazılır ki, Natiq həyat yoldaşı Vüsalə Dədəcanovanı Mərdəkan qəsəbəsindəki poçtun qarşısında öldürmək istəyib. Natiq Dədəcanova qarşı irəli sürülən ittihamda göstərilir ki, o, arvadı Vüsalə Dədəcanova ilə bir müddət ayrı yaşayıb. Səbəb isə Natiqin həyat yoldaşı tərəfindən evdən qovulması olub. Bir müddət Bakıda parklarda yatan Natiq evə qayıtmaq istəsə də arvadı buna razı olmayıb. Vüsalə Dədəcanova səbəb kimi Natiqin ailəsinə qarşı laqeyd olmasını, işləməməsini göstərib.
İttihamda yazılır ki, Natiq arvadının bu münasibətindən bezərək onu öldürmək qərarına gəlib. Bu məqsədlə marketdən mətbəx bıçağı alaraq arvadını izləməyə başlayıb. Vüsalə Binədəki evindən çıxıb Mərdəkana gedərkən poçtun qarşısında arxadan ona yaxınlaşıb. Boynundan tutaraq onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirib. Vüsalə vaxtında müqavimət göstərərək bıçaq zərbələrinin bir neçəsindən yayınıb. Sonuncu zərbə Vüsalənin çiyin nahiyəsindən deyərkən bıçağın tiyəsi qırılıb.
İttiham orqanı belə qənaətə gəlib ki, Natiq azyaşlı oğlunun gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürmək istəyib. Amma özündən asılı olmayan səbəblərə görə cinayətini tam başa çatdıra bilməyib. Elan olunmuş ittihamla Natiq özünü qismən təqsirli bilib. Deyib ki, Vüsaləni öldürmək niyyəti olmayıb. Onun ifadəsindən məlum olub ki, hər ikisi daha əvvəl də ailə həyatı qurublar. Onların əvvəlki nikahlarından da övladları var.
Əvvəllər polis işlədiyini deyən Natiq səhhətinə görə təqaüdə çıxdığını bildirib. O, ittihamda yazıldığı kimi ailəsinə qarşı laqeyd olmadığını deyib. Bildirib ki, son aylar işləri zəif olub. Ona görə də ailəsinə maddi olaraq yaxşı baxa bilməyib. Natiq deyib ki, bir neçə dəfə barışıq üçün Vüsaləyə zəng edib. Ondan evə qayıtmağa icazə verməsini istəyib. Amma hər dəfə Vüsalə ona rədd cavabı verib. O da bundan bezərək Vüsaləni vurub.
O, üzərində bıçaq gəzdirməsini isə belə izah edib: “Küçələrdə qalırdım. Heyvanlardan qorunmaq üçün bıçaq almışdım”.
Natiq Dədəcanov ifadəsində daha əvvəlki nigahının pozulmasının səbəbini də məhkəməyə danışıb. Bildirib ki, ilk həyat yoldaşından iki övladı var, amma xasiyyətləri uyğun olmadığı üçün boşanıblar: “İndi həmin ailəm rayonda atamla yaşayır. Atam onlara bizim evdə baxır. Mən ikinci dəfə ailə həyatı quranda xoşbəxt olmaq istəyirdim. Vüsalənin də ilk nigahdan övladları var idi. Bizim bir oğlumuz da oldu. Sonra mən işdən çıxdım. Problemlər də bundan başladı. Vüsalə işləmədiyim üçün məni evdən qovdu”.
Məhkəmədə zərərçəkmiş Vüsalə Dədəcanova da ifadə verib. Deyib ki, Natiq işləməyib, evə bazarlıq etməyib və bu azmış kimi onu və uşaqlarını təhqir edib: “Mən onu dəfələrlə bağışlamışam. Amma hər dəfə eyni şeylər təkrar olub. Sonuncu dəfə qızlarımı söydü. Elə söyüş işlətdi ki, dilimə gətirə bilmirəm. Mən ona dedim ki, bir də evə gəlmə”.
Heç bir halda barışmayacağını deyən Vüsalə bildirib ki, Natiqə ağır cəza verilməsini istəyib.
Natiq məhkəmədə də barışıq təklif edib. Amma Vüsalə razılaşmayaraq bunları deyib: “Mən sənin üçün ailəmdən ayrıldım, onlarla münasibəti pozdum. Sən isə belə elədin”.
Məhkəmədən söz istəyən Natiq bir daha peşman olduğunu söyləyib. Bildirib ki, Vüsaləni vurandan sonra etdiklərini xatırlamır: “Mən şokda idim. Taksiyə minib şəhərə gəldim. Pulum olmadığı üçün təqaüd kitabçamı sürücüyə verdim. Bulvarda intihar etmək istəyirdim. İki polis əməkdaşı mənə yaxınlaşdı. Onlara dedim ki, intihar etmək istəyirəm. Amma dövlət tədbiri olduğu üçün onlara problem yaratmaq istəmədim. Onlar da məni polis idarəsinə apardılar”.
Məhkəmə araşdırması davam etdirilir.