“Mənim Bakını icazəsiz tərk etməyimlə bağlı yayılan xəbərlər böyük yalandır. Belə bir şey olmayıb”.
Bu fikirləri açıqlamasında “Keşlə”nin futbolçusu Aleksandr Kriştovao haqqında çıxan məlumatlara münasibət bildirərkən deyib.
Anqolalı hücumçu Niderlanda bu ölkənin pasportunu almaq üçün yollandığını bildirib: “Mən bu barədə klubu hələ 6-7 ay əvvəl məlumatlandırmışdım. Demişdim ki, pasportum filan tarixdə hazır olacaq, gedib onu götürməliyəm. Çünki bu, Avropada yaşamağım üçün olduqca vacibdir”.
27 yaşlı forvard əlavə edib ki, hazırda Bakıya qayıtmaq üçün klubun ona bilet almasını gözləyir: “Agentim və vəkilim “Keşlə” rəhbərliyi ilə danışıqları davam etdirir. Biletimi göndərsələr, geri qayıdacağam. Çünki klubla müqaviləm var. Vəziyyət dəyişməsə, kluba qarşı hüquqi müstəvidə addımlar atmağa məcbur olacağam. Mən hələ də “Keşlə”nin oyunçusuyam və komandadan ayrılmaq niyyətim yoxdur”.
Qeyd edək ki, “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov mətbuata müsahibəsində komandanı özbaşına tərk edən Aleksandr Kriştovaonun göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırdığını deyib.