“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”. YYSİB-dən eko-layihə

0
46

Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən “Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı eko-kreativ layihəsini həyata keçirməyə başlayıb.

 Oktyabrın 1-dən yeni nəslin ekoloji neo-maarifləndirilməsi istiqaməti üzrə fəaliyyətlərə başlanılan layihənin rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə,  üç ay müddətində yeni nəsil nümayəndələri, eləcə də geniş ictimaiyyət arasında ətraf mühitə sayğı və qayğının təbliğatı aparılacaq. Layihə, Prezident İlham Əliyevin elan etdiyi “2024-cü il: Yaşıl dünya naminə Həmrəylik İli”, həmçinin noyabr ayında ölkəmizdə eçiriləcək nüfuzlu COP29 beynəlxalq tədbirə ictimai-mədəni, ideoloji-informativ dəstək vermək fikrindədilər. Gənclər arasında ətraf mühitin qorunmasının aktuallığı təbliği, ekologiyanın mühafizəsinin populyarlaşdırlıması, çağdaş dövrümüzün eko-problemlərinin ictimailəşdirilməsi layihənin əsas məqsədlərindəndir.

Layihə heyəti yeni nəsil yaradıcı gənclərin, eko-kreativlərin iştirakı ilə ədəbiyyat və sənət diliylə, eləcə də bloqqer, youtuber, tiktoker kimi yeni nəsil yaradıcı gənclərin hazırladıqları, müxtəlif sosial şəbəkə janrları formatları ilə ölkəmizdə neo-maarifçilik hərəkatının formalaşmasına təkan verməyi planlaşdırır. Yeni nəsil nümayəndələri arasında ədəbi-ekoloji “Qırmızı Kitab”, eko-sosial video-çarx və real ekoloji aksiya, virtual eko-kampaniyalar reallaşdırmaqla, habelə onların təqdimatlarının təşkili ilə gənclər arasında ölkəmizin, eləcə də planetimizin gələcəyinə cavabdehliyi vurğulamaq, bu stiqamətdə məsuliyyəti özündə birləşdirən intellektual-kreativ fəaliyyətlərə maraq oyatmağı çalışılacaq.

Noyabr ayında  Azərbaycanda keçiriləcək COP29 Beynəlxalq eko-tədbirə bölgələrdə, həmçinin, İnternetüstü – sosial şəbəkələr vasitəsilə respublikamızda və dünyada yaşayan soydaşlarımız, xüsusən də yeni nəsil nümayəndələri arasında fərqli formatlarda eko-innovasiyalara maraq oyatmaq qarşıya qoyulan əsas məqsədlərdəndir.

Layihə komandası aşılamaq istəyir ki, qlobal çağırışlara uyğun gənclərin ətraf mühitin qorunmasına cavabdehliyi, təbiətin, planetin ekoloji gələcəyi uğrunda aktiv mübarizə aparmaq, zibillərin idarə edilməsi, məişət tullantılarının təkrar emalı, meşə və su hövzələrinin mühafizəsi, heyvanların, ağac və bitkilərin nəslinin tükənməsinin qarşısı alınmalıdır. Bu istiqamətdə hər kəs öz məsuliyyəti dərk etməli, gələcəyimiz, ərzaq təhlükəsizliyimiz üçün oean, dəniz, göl, çay və içməli su hövzələrinin, havanın, torpağın, bir sözlə yaşıl planetimizin təmizliyinə çalışmalıdır. Son illər sürətlə şoranlaşan torpaqların eroziyasının qarşısı alınmasının aktuallığı, alternativ – günəş, külək enerjisi, bio-yanacaq, elektrik nəqliyyat vasitələrinə keçidin vacibliyi geniş əhali kütləsinin diqqətinə çatdırılmalıdır. Sağlamlıq üçün vacib olan fiziki hərəkətlərin insanlara xeyri, bir sözlə, eko-çağırışlara cavab verən metodlarla yeni formatlı neo-maarifçiliy dəstəkləmək günümüzün əsas çağırışıdır.

Layihə komandası aşağıdakı məsələlər ətrafında  fəaliyyətlər həyata keçirməyi planlaşdırır: Gənclərin iştirakı ilə fərqli, yeni ekoloji hərəkat formalaşdırmaq; Yeni nəsil kreativlərin irəli sürdüyü eko-innovativ ideyaların reallaşdırılmasına təkan vermək;  Yaradıcı şəxslərin ekologiya, ətraf mühitin mühafizəsi, təbiət gözəlliklərinə həsr olunmuş ədəbi-poetik, elmi-kütləvi, publisitik əsərlərindən ibarət ədəbi-eko “Qırmızı Kitab”ın kağız və elektron variantının hazırlanması, çapı, yayımı, təqdimatını keçirmək;  Gənc kreativlərin iştirakı ilə sənət formasında – eko-sosial çarx vasitəsi ilə yeni nəsil arasında ekoloji maarifləndirməni güçləndirək; İKT imkanlarından bəhrələnməklə, bloqqer, youtuber və tiktokerlərin iştirakı ilə sosial şəbəkələrdə, yeni mediada rəngarəng təqdimat formatları ilə ölkəmizdə neo-maarifçilik hərəkatının formalaşmasına təkan verilmək, onu güclü İnternet platformasına çevrmək;  Lənkəranda real ekoloji aksiyalar, Xəzər sahilini zibillərdən təmizləmək üçün təşəbbüsləri reallaşdırmaq;  İnternet üzərindən – müxtəlif sosial şəbəkələrüstü virtual eko-kampaniyaların, neo-maarifçilik aksiyalarının, ictimai “yaşıl” müzakirələri təşkil etmək; Layihə və fəaliyyət məhsullarının təqdimatı, gənclər vasitəsilə geniş ictimaiyyətin ölkəmizin və planetimizin gələcəyinə cavabdehliyi vurğulamaq, zəmanənin bu qlobal məsuliyyətini özündə birləşdirən intellektual-kreativ fəaliyyətlərə həvəsləndirmək; KİV, mətbuat, yeni medai, sosial şəbəkələrdə geniş eko-təbliğatın aparılması…

  İctimai fəallar, müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan ekoloji aktivistlar, yaradıcı kreativlər, Bakıda və Lənkəran rayonunda yaşayan gənc yaradıcı qüvvələr, eko-intellektuallar, eko-jurnalistlər, eko-bloqqerlər, yerli icma nümayəndələri, müəlliflər, yeniyetmələr, tələbələr layihənin əsas iştirakçıları olacaqlar. İnternet və sosial şəbəkələr vasitəsilə respublikamızda, eləcə də dünyadakı yeni nəsil nümayəndələri – xaricdəki soydaşlarımız, gənclər və tələbələr, məktəblilər, yeniyetmələr, ekoloqlar, eko-aktivistlər, yaşıllar hərəkatının tərəfdarları, ekoloji tanıtıma ehtiyacı olanlar müxtəlif formatlı fəaliyyətlərə cəlb olunlar layihənin sonunda eko-innovativ, neo-ekoloji hərəkatın vahid üzvləri kimi bir platformada birləşdirilməsi də nəzərdə tutulub.

Layihə çərçivəsində geniş fəaliyyət istiqaməti ilə cəmiyyətin müxtəlif təbəqələri, xüsusən gənclər arasında yeni ekoloji bilik və bacarıqların inkişafına təkan verilməsi planlaşdırılır. Fəaliyyətə cəlb ediləcək komanda üzvləri sonrakı mərhələdə eko-maarifçiliyi təbliğ edəcək platformanın əsas fəalları kimi formalaşacağı gözlənilir. Azərbaycanda keçiriləcək COP-29, eyni zamanda Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə Həmrəylik İli”nə bölgələrdə veriləcək dəstək planları və modelləri hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə çıxarılacaq. Layihənin, eləcə də fəaliyyətlər KİV və yeni mediada tanıtımı eko-maarifçiliyin genişləndirilməsinə, yeni nəsil kreativlərin fəallaşmasına səbəb olacaq.

Gənclərin iştirakı ilə ekoloji hərəkat formalaşdırılacaq, yeni nəsil kreativlərin irəli sürdüyü eko-innovativ ideyalar reallaşdırılacaq. Yaradıcı şəxslərin ekologiya, eko-fəallıq, ətraf mühitin mühafizəsi, təbiət gözəlliklərinə həsr olunmuş eko-sosial çarx vasitəsi ilə yeni nəsil arasında ekoloji maarifləndirmə daha da güçləndiriləcək. Lənkəranda real ekoloji aksiyalar reallaşdırılacaq, Xəzər sahilinin zibillərdən təmizləmək üçün təşəbbüslər həyata keçiriləcək, yerli icma nümayəndələri bu işə cəlb ediləcək. İnternet üzərindən – müxtəlif sosial şəbəkələrüstü virtual eko-kampaniyaların, neo-maarifçilik aksiyaların, müzakirələrin təşkili ilə ekoloji tarazlığa çağırışlar ediləcək.

Eko-layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi dəqiq işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir. İstər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın ekologiya ilə bağlı aparılan eko-mədəni siyasətin tanıdılması, yaradıcı kreativlərin estetik bacarıqlarının ekoloji neo-maarifləndirməyə yönəldilməsi, İnternet resurslarında, sosial mediada, ayrıca saytlarda, televiziyada və mətbuatda mövzu, həmçinin layihə haqqında mülahizələr, təkliflər cəmlənəcək, müxtəlif fikirlər ümumiləşdiriləcək, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq. Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları yazılı və elektron KİV-də yayımlanacaq, qurumun rəsmi saytında yerləşdiriləcək. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram, TikTok kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, eko-maarifçilik, ekspert rəyləri, fikirlər, məqalələr yayımlanacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, ictimaiyyətin müzakirəsinə buraxılacaq.

Onu da bildirək ki, YYSİB 1993-cü ildən gənclər arasında milli, eləcə də dünya mədəniyyəti, elm, incəsənət və ədəbiyyat hadisələrinin təbliğini aparır, yeni media, virtual ədəbiyyat, neo-maarifçilik missiyasını yerinə yetirir. Real, həmçinin, virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatı, mədəniyyəti, elmi, incəsənəti, sənətin müxtəlif qollarını, elektron resursları inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edən təşkilat, kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar kimi sahələrdə fəaliyyətini qurub.

Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. QHT 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji tədbir həyata keçirib, 30 kitab nəşr edib, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana –  İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. YYSİB indiyəcən bir neçə neo-maarifləndirici kurs təşkil edib və 11000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin sərbəst istifadəsinə verib. 30-a yaxın  sənədli film, 100-dən çox sosialəhəmiyyətli videoçarx, minlərlə elektron nəşr, yüzlərlə TV veriliş hazırlayaraq yayımlayır.

YYSİB-nin Azərbaycan Respublikasının Gənclər Fondu vasitəsilə həyata keçirdiyi bu yeni kreativ eko-layihə də estetik-kulturoloji vasitələrlə ekoloji neo-maarifləndirməni genişləndirəcəyinə, ətraf mühitin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edəcəyinə inamımız böyükdür.

Hidayət – Ayxan Əbilli,

 YYSİB-nin sədr müavini,

 İctimaiyyətlə Əlaqələr, Analitik-İnformasiya Bölümü rəhbəri