Kranın “ölüm xortumu” altında yaşamaq

0
305

Yasamal rayonu ərazisində həyata keçirilən tikinti  işləri zamanı təhlükəsizlik qaydalarına riayət olunmur. Vətəndaşların narazılığına isə rəsmi qurumlar biganə yanaşırlar.
 
Bakı şəhərinin “Alatava” adlanan ərazisində – Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsindəki mənzillərdə yaşayan bir qrup sakin redaksiyamıza müraciət edib. Onlar yaşadıqları ərazidə tikinti işi aparan şirkətin təhlükəsizlik qaydalarına riayət etməməsindən şikayətləniblər. Qeyd ediblər ki, tikinti şirkəti həyət evlərinin tən ortasında müəyyən bir ərazini alıb və orada “SkyHome” layihəsi adı altında hündürmərtəbəli binalar inşa edir.

Bu barədə araşdırmanı təqdim edirik.

Qaldırıcı kranın aşma təhlükəsi

Sakinlərin narazılığına və narahatlığına səbəb olan məsələ inşaat üçün quraşdırılan qaldırıcı kranın onlara məxsus evlərin üzəri ilə hərəkət etməsidir. Vətəndaşlar iddia edir ki, müxtəlif tikinti materialları, digər ağır yükləri bir ərazidən digər istiqamətə daşıyan kran ətrafdakı evlər, burada yaşayan insanlar üçün ciddi təhlükədir. Belə ki, həmin yüklər baş verə biləcək hər hansı xoşagəlməz hadisə nəticəsində evlərin, insanların üzərinə düşə bilər. Bundan başqa, sakinlər qaldırıcı kranın aşa bilməsindən də narahatlıq keçirirlər. Onlar Bakının küləklər şəhəri olduğunu əsas gətirərək qeyd ediblər ki, güclü külək əsəndə iş dayandırılsa da, kranın yellənməsi, aşa biləcəyi barədə düşüncələr sakinləri vahimələndirir, böyük narahatlıq yaşadır. Vətəndaşlar hesab edir ki, tikinti aparılan əraziyə yaxın evlər köçürülmədən, təhlükəsizlik tədbirləri görülmədən qaldırıcı kranın işləməsi olduqca təhlükəlidir.   

Vətəndaşların şikayətinə biganəlik

Bu iddiaların əsaslı olub-olmadığını araşdırmaq üçün öncə əraziyə baş çəkdik. Sakinlərin iştirakı ilə tikinti sahəsinin, qaldırıcı kranın “xortum”unun hərəkətdə olarkən üzərindən keçdiyi evlərin şəklini çəkdik. Vətəndaşların narahatlığı üçün ciddi faktların olduğunu gördük. Öncə tikinti şirkətinin və hündürmərtəbəli binaların tikintisinə nəzarət edən müvafiq dövlət qurumunun – Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mövqeyini öyrənmək istədik. Çox təəssüf ki, nazirliyin mətbuat xidmətindən bununla bağlı hər hansı münasibət bildirilmədi. Dövlət qurumu hadisəyə, xüsusən də vətəndaşların narazılığına biganəlik nümayiş etdirdi.

Məsuliyyətdən yayınan tikinti şirkəti

Ərazidə tikinti işi aparan şirkətə gəlincə, öz saytlarında qeyd edilən (050) 448-00-00 telefon nömrəsi ilə əlaqə saxlayıb vətəndaşların şikayətini, iddialarını qarşı tərəfin diqqətinə çatdırdıq. Sualımızı dinləyən operator xanım məsul şəxslərlə əlaqələndirmək üçün bir neçə dəqiqə bizi xəttə gözlətdi. Ardınca isə təmsil etdiyimiz media qurumunun adını və mobil telefon nömrəmizi təkrar soruşaraq qısa zamanda bizimlə əlaqə yaradılacağını, suallarımızın cavablandırılacağını bildirdi. Ötən günlər ərzində onlardan da səs çıxmadı.

Təhlükəsizlik tələblərinə əməl edilməlidir.

Sakinlərin şikayətinə hüquqşünasın mövqeyini öyrəndik.Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, texniki avadanlıq və cihazlar insan sağlamlığının, ətraf mühitin qorunması və təhlükəsizlik tələblərinə əməl edilmək şərti ilə quraşdırılmalı və istismar edilməlidir. Onun sözlərinə görə, şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi mütləq təmin edilməlidir: “Tikinti fəaliyyəti, onun ətraf mühitə təsiri baxımından qanunla müəyyən edilmiş qaydada qiymətləndirilməlidir. Qiymətləndirmənin nəticələri tikinti fəaliyyəti zamanı ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsinə dair tədbirlər müəyyən edilərkən nəzərə alınmalıdır. Tikinti işlərinin təhlükəsizlik tələblərinə, eləcə də şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən olunmuş digər tələblərə uyğun aparılmasını təmin etmək üçün tikinti aparılacaq ərazidə tikinti meydançası təşkil edilməlidir”.


Dövlət nəzarətini həyata keçirən orqan

Hüquqşünas deyib ki, tikinti meydançasının sərhədləri tikinti layihələri əsasında müəyyənləşdirilir: “Tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalı və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməlidir. Həmçinin tikinti işlərinə başlamazdan əvvəl meydançadaxili və meydançadankənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir. Azərbaycan Prezidentinin 26 dekabr 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”yə əsasən, ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən orqan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir”.
 

2 ildən 10 ilə qədər həbs cəzası.

Rəşad Əliyev vurğuladı ki, tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarını pozmaq cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinə əsasən, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasına görə, situasiyadan asılı olaraq 2 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.