Körpələr də depressiyaya düşürlər? – ARAŞDIRMA

0
101

Depressiya, hətta körpələrdə də görülə bilən bir xəstəlikdir. Körpə depressiyası altıncı aydan sonra birdən-birə anadan ayrılma zamanı baş verir.

Psixoloq bildirir ki, ananın ölümü və ya uzun müddət xəstəxanada qalması, başqa şəhər və ya ölkədə yaşaması, uşağa baxa bilməyəcək qədər ağır fiziki və ya ruhi xəstəliyin olması körpəlik depressiyasına səbəb olan amillərdir. Depressiya insan həyatının istənilən mərhələsində baş verə bilən beyin xəstəliyidir. Yəni, depressiya beynin kimyəvi maddələrindəki balanssızlıq nəticəsində yaranır və insanı bədbəxt, həyata qarşı istəksiz edir. Depressiyaya düşən insan başına gələn hər şeyə görə özünü məsul görür və günahlandırır. Həyata həmişə mənfi tərəfdən baxır. Gələcəklə bağlı gözləntiləri ümidsiz və bədbindir. O, dəyərsiz və sevilməyən olduğuna inanır. Bu səbəbdən hadisələri olduğundan daha şişirdilmiş görür və nəticəni həmişə ümumiləşdirmələr edərək şərh edir. Məsələn, “belə şeylər hər zaman başıma gəlir” deyir. Yaxud 100 ballıq imtahandan 75 bal toplayanda necə səhv etdiyini düşünüb özünü qınayır. O, hadisələri özünəməxsus şəkildə şərh edir, ixtiyari nəticələr çıxarır. Məsələn, “Dostum mənə zəng etmədi, yəqin ki, daha mənimlə danışmaq istəmir” kimi bir çox neqativ fikirlərdən istifadə edir. Depressiya genetik olaraq ötürülən bir xəstəlikdir, əgər ana və ya ata depressiyaya düşübsə, həmin faktorlar səbəbindən övladların da depressiyaya düşməsi ehtimalı yüksəkdir. Depressiyanın iki əlaməti mövcuddur ki, onlardan biri istəksizlik, digəri isə dad itkisidir. Yəni, depressiyaya düşən insanın heç nəyə həvəsi olmur, onu məcbur etsə də, gördüyü işdən həzz ala bilmir. Depressiyanın digər əlamətlərinə çarəsizlik, enerjinin azlığı, adaptasiyanın olmaması, dəyərsizlik və günahkarlıq düşüncələri, iştahda və ya çəkidə dəyişikliklər daxildir. Uşaqlardakı depressiya məktəbə getmək istəməmə, özünə inamın aşağı düşməsi, fobiyalar, qarın ağrısı, ürəkbulanma və ya baş ağrısı şəklində olur, həmçinin hiperaktivlik, əhval-ruhiyyə, tez qəzəblənmək kimi davranış pozğunluqları ilə də müşahidə edilə bilər. Bundan başqa, yalan danışmaq, evdən və ya məktəbdən qaçmaq kimi pis vərdişlər yaranır.

Müjde Yahşi qeyd edir ki, depressiya beyindəki kimyəvi maddələrlə əlaqəlidir. Xoşbəxtlikdən məsul olan serotonin hormonunun və həzzdən məsul olan dopamin hormonunun səviyyəsi azalır və uşaqlar, beləliklə, depressiyaya məruz qalır. Stress hormonları olan norepinefrin və kortizol səviyyələrində də artım var ki, bu da uşaq və yeniyetmələrin narahat, qəzəbli hiss etmələrinə səbəb olur, bununla da diqqəti toplamaqda və öyrənmədə problemlər yaranır. Bəzi uşaqlar və ya yeniyetmələr bu neqativ emosiyaları daxilən yaşarkən, bəzi uşaqlar onları üzdən ifadə edirlər. Duyğularını içdən yaşayan uşaqlar və yeniyetmələr utancaq, narahat və asılı xüsusiyyətlər nümayiş etdirirlər, onlar özlərini etibarsız hiss edir. Bu səbəbdən də özləri haqqında mənfi fikirlər formalaşdıraraq depressiyaya daha çox meyilli olurlar. Duyğularını ifadə edən uşaqlar davranış pozğunluqları göstərir, daha aqressiv davranış nümayiş etdirirlər, bu uşaqların pis mühitlərə cəlb olunması halları asanlıqla baş verə bilər. Uşağın yeddi yaşına qədər dil bacarıqları kifayət etmədiyindən diaqnoz çətin qoyula bilər. Lakin uşağın üz ifadəsi, davranışları, reaksiyaları və hərəkətləri bu diaqnozu asanlaşdıra bilər. Genetik meyil və neyrokimyəvi pozuntunun olması uşağı depressiyaya meyilli edir. Mənfi həyat hadisələri uşaq və yeniyetmələrdə depressiyanın inkişafına təkan verir.

“Bununla bağlı valideynlər diqqətli olmalıdır. Xüsusilə də “Buna görə narahat olma!”, “Özünü incitmə!”, “Bunu unutma!” kimi sözlər söyləməməlidir. Çünki unutmaq olmaz ki, bunlar uşağın öz iradəsindən kənar olan mənfi emosiyalar və düşüncələrdir, yəni tamamilə beyindəki hormonların nizamsız işləməsindən yaranır. Əgər uşağın davranışını dəyişdirmək mümkün deyilsə, onun hiss və düşüncələrini dəyişdirmək olar. Məsələn, uşağı müntəzəm idmanla məşğul olmağa təşviq etmək əhəmiyyətli olar. Çünki məşq zamanı orqanizm endorfin ifraz edir və insan özünü yaxşı hiss etməyə başlayır. Endorfin hərəkət edərkən, yəni idman edərkən, rəqs edərkən, tullanmaqda və ya qaçarkən ifraz olunan xoşbəxtlik hormonudur. Buna görə də müntəzəm idman və ya incəsənət kursu uşağınızın özünü yaxşı hiss etməsinə səbəb olacaq. Bundan başqa, uşağın ən geci saat 10:00 radələrində yatması çox vacibdir. Çünki xoşbəxtlik hormonu olan endorfin və yuxu hormonu olan melatonin həmin zaman çərçivəsində ifraz olunur. Uşağın özünü dinc və xoşbəxt hiss etməsi üçün yuxu rejimi pozulmamalıdır. Günəş şüaları gözümüzün tor qişasından daxil olduğu və sinirlər vasitəsilə epifiz vəzinə keçdiyi üçün serotonin miqdarını artıraraq insanı xoşbəxt hiss etdiyi üçün övladınızı günəşli havada parkda və ya bağda vaxt keçirməyə yönləndirmək yaxşı olar. Uşağın adətən etməkdən həzz aldığı işləri təkrarlaması üçün mühit yaratmaq lazımdır. Çünki həzz duyğusundan məsul olan dofamin hormonu insan sevdiyi işlərlə məşğul olduqda ifraz olunur. Məsələn, sevimli dostlarla oyun oynamaq, kinoya getmək və ya sevilən qidanı yemək dopamin ifrazını artırır. Depressiya koqnitiv davranış terapiyasına çox yaxşı cavab verir. Uşağa otağına qapanaraq, saatlarla yatmaqla və ya ictimai həyatdan uzaq durmaqla depressiyanın daha da pisləşəcəyini bildirmək lazımdır. Simptomlar yüngül olsa belə, mütləq uşaqlarla işləyən psixoloqa müraciət etmək mühümdür”, – deyə Müjde Yahşi əlavə edib.