Korotçenko: “Makron özünü Fransa prezidenti kimi deyil, Fransadakı erməni diasporunun prezidenti kimi aparır”

0
280

“Makron çox vaxt özünü Fransa prezidenti kimi deyil, Fransadakı erməni diasporunun prezidenti kimi aparır”.

Bunu rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“ABŞ-da erməni lobbisinin tutduğu mövqeləri nəzərə almaq lazımdır. Konqresmenlər və senatorlar arasında elə adamlar var ki, Azərbaycan əleyhinə bəyanatlar vermək və ABŞ dövlət qurumlarına təsir etmək üçün birbaşa maaş alırlar. Onların bu fəaliyyəti isə Ermənistan və erməni separatçılarının hansısa üstünlüklər qazanmasına hesablanıb”, – deyə Korotçenko bildirib.

O, Fransada da vəziyyətin tam olaraq eyni olduğunu qeyd edib.

“Əgər Fransa dövlətinin başçısı Emmanuel Makron özünü çox vaxt Fransa Respublikasının prezidenti kimi deyil, Fransadakı erməni diasporunun prezidenti kimi aparırsa, burada nədən danışmaq olar? Makron axı axmaq deyil? O, ya alınıb, ya da motivasiya edilib və Fransada ən mühüm erməni lobbiçisi kimi çıxış edir. Bu, artıq Fransanın səlahiyyətli orqanları ilə bağlı məsələdir. Fransız isteblişmentinin korrupsiyasından xəbərimiz var. Onlar Liviya lideri Müəmmər Qəddafidən pul alırdılar”, – deyə politoloq şərh edib.

“Bununla yanaşı geosiyasi maraqlar da var. Bu maraqlar ondan ibarətdir ki, güclü Azərbaycan güclü Türkiyə kimi Qərb üçün sadəcə olaraq sərfəli deyil. Azərbaycan enerji resurslarının ən böyük tədarükçüsüdür. Tamamilə müstəqil, suveren ölkədir və Qoşulmama Hərəkatının lideridir. Türkiyə Cümhuriyyəti üçün xüsusilə Avropa Birliyinin qapıları həmişəlik bağlı olsa da, Türkiyə öz geosiyasi rolunu vurğulamağa çalışır. Bu ölkələrin müstəqilliyi isə Qərb siyasi elitasının xoşuna gəlmir.

Və təbii ki, Qərb Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsindən istifadə etmək, tammiqyaslı multimodal “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına imkan verməmək niyyətindədir. Bu yaxınlarda Şuşa şəhərində keçirilən konfransa hansı dövlətlərin səfirlərinin gəlməkdən imtina etdiyini unutmayaq. Bunlar Fransa və ABŞ-dır. Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev haqlı olaraq buna diqqət çəkib. Beləliklə, biz Vaşinqton və Parisin hansı motivasiya və vəzifələrinin olduğunu başa düşürük. Cənubi Qafqazda nizamlanma nə ABŞ-ın, nə də Fransanın istəklərinə cavab vermir. Onlar öz mövqelərini möhkəmlətmək və qərbyönümlü erməni elitasına arxalanmaq istərdilər. Elita isə marionetka rolunu oynayaraq sülhlə bağlı əldə edilmiş ilkin razılaşmaları belə məhv etməyə köklənib”, – deyə baş redaktor vurğulayıb.

İqor Korotçenko bildirib ki, indi Ermənistanın bütün öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməsi zəruridir: “Burada Moskva və Bakı tamamilə vahid mövqedən çıxış edəcəklər. Rusiya Federasiyası Zəngəzur nəqliyyat dəhlizinin tezliklə işə salınmasında əsas maraqlı tərəflərdən biridir. Erməni lobbiçiləri, həmçinin Rusiyada yaşayan ermənilər nə qədər deyinsələr də, dəhlizin işə salınması Azərbaycan və Rusiya Federasiyasının güclənməsi deməkdir. Bu, Moskvanın regiondakı vəziyyətin gələcəkdə blokdan çıxarılmasına dair bütün meyarlarına tam şəkildə cavab verir.

Rusiya Federasiyası və Azərbaycan Respublikasının birgə diplomatik səyləri ilə biz İrəvanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik. Baxmayaraq ki, Rusiya burada artıq aktiv fəaliyyət göstərir, hesab edirəm ki, daha da fəal olmalıyıq. İndi gündəmdə Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılması məsələsi dayanır. Bunsuz sülh danışıqlarında hər hansı irəliləyişdən danışmaq sadəcə mümkün deyil”, – deyə qeyd edib.