“Hepatit C”nin müalicəsində istifadə olunan “Daklatasvir” və “Sofosbuvir” preparatlarının koronavirusun müalicəsində kömək etdiyi məlum olub.
Bu barədə Osvaldo Kruz (Fiocruz) adına Braziliya araşdırma birliyinin tədqiqatına istinadən xəbər yayıb.
Antiviral dərmanların xəstəliyin erkən mərhələsində istifadəsinin xəstələrin klinik vəziyyətini yaxşılaşdıra və ağır halların sayını azalda biləcəyi qeyd olunur.
Mütəxəssislərin fikrincə, “Daklatasvir” və “Sofosbuvir” üç fərqli hüceyrədə, o cümlədən ağciyər hüceyrələrində virusun çoxalmasının qarşısını ala bilib. Alimlər həmçinin virusa yoluxmuş qoruyucu hüceyrələrdə iltihabi proseslərə səbəb olan maddələrin istehsal həcminin aşağı düşdüyünü bildiriblər.
Tədqiqat zamanı “Daklatasvir”in “Sofosbuvir”ə nisbətən daha yüksək effekt göstərdiyi vurğulanır. Bundan əlavə, hər iki dərman geniş spektrli antiviral “Ribavirin” və antiretroviral “Atazanavir”dən fərqli olaraq, daha yaxşı nəticələr göstərib.