Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödəniş olunmur? – AÇIQLAMA

0
578

1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan həkimlər pandemiya dövründə çalışdıqları üçün onlara ödənilməli olan əlavələri almadıqlarını deyirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd olunub. 1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan tibb işçiləri iddia edir ki,COVID-19 infeksiyasına yoluxan xəstələrlə işləyən personala yalnız iyun ayında əlavələr ödənilib:

“Bəzi tibb işçilərinə heç iyun ayında da ödəniş edilməyib. Lakin iyul-avqust ayları üzrə heç bir əlavə ödənişlər almamışıq. İyul-avqust aylarının ödənişinin hansı səbəbdən köçürülmədiyini bilmirik. Bizə nə klinikadan, nə də aidiyyəti qurumdan heç bir məlumat verilmir. Problem tək bizdə yox, ümumi personalda da belədir. Həyatımızı riskə atırıq, əziyyət çəkirik, gecəmiz-gündüzümüz yoxdur. Bu bizim peşə borcumuzdur, canla-başla görürük, bizi də düzgün başa düşün. Amma bizim də ailəmiz var, övladlarımız var. Neçə aydır onlardan uzaqda, gərgin iş rejimində çalışırıq, haqqımız olandan artıq heç nə tələb etmirik. Ölkə başçımız bizim zəhmətimizi yüksək qiymətləndirib və zəruri tapşırıqlarını verib. Biz də aidiyyəti üzrə haqqımız olan əlavə ödənişlərin verilməsini istəyirik”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən  bildirilib ki, bu il 18 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən iyul, avqust və sentyabr aylarında da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar verilib:

“Müddətli əlavənin ödənilməsi ilə bağlı bundan əvvəl verilən müvafiq qərarlar isə mart, aprel, may və iyun aylarını əhatə edirdi. Nazirlər Kabinetinin cari ilin 18 avqust tarixli Qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən iyul ayı üzrə 15 min 200 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 19,1 milyon manat məbləğində müddətli əlavə ödənilib.

Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir. İyul ayı üzrə ödənişlər başa çatdıqdan sonra isə dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq avqust ayı üzrə də ödənişlərə başlanılacaq”.

Agentlikdən iyun ayında neçə tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənildiyinə dair suala isə belə cavab verilib:

“İyun ayı üzrə 1 saylı Kliniki Tibbi Mərkəzin 1 237 nəfər tibb və qeyri-tibb işçisinə 1 milyon 72 min 883 manat müddətli əlavə ödənilib. Məlumat üçün bildirək ki, iyun ayı üzrə ümumilikdə 14 min 784 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18,2 milyon manat məbləğində müddətli əlavə ödənilib”.