Koronavirus epidemiyası davam etdikcə dünya liderləri virusa qarşı peyvənd və dərmanın hazırlanması üçün 7,4 milyard avro dəstək verəcəyinə söz veriblər.
“HaberGlobal” məlumat verir ki, Avropa Komissiyasının təşkil etdiyi donorlar iclasında Avstraliya, Kanada, İsrail, İordaniya, Yaponiya və Cənubi Afrika kimi ölkələrin iştirakı ilə videokonfrans keçirilib.
BMT-nin Baş katibi Antonio Quterreş “Hər kəsə, hər yerə kömək edə bilmək üçün bu miqdarın beş qatına ehtiyacımız var” deyib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə qeyd edib ki, vəd edilən məbləğ misli görünməmiş qlobal əməkdaşlığın başlanmasına kömək edəcək.
Dəstək üçün Fransa Prezidenti Emmanuel Makron 500 milyon avro, Yaponiya 800 milyon dollar, Almaniya 525 milyon avro, İtaliya və İspaniya hərəyə 100 milyon avro, İsveçrə 378 milyon avro, Hollandiya 192 milyon avro və İsrail 60 milyon dollar vəd edib.
Böyük Britaniyanın Baş naziri Boris Conson “Virusu məğlub etmək üçün peyvəndi tapmaq ölkələr arasındakı rəqabət deyil, bu, həyatımızın ən təcili birgə səyləridir” deyib.